Şahruddindən "ağzı yanan" "Qarabağ": 4 qapıçı transferi
16.08.2024 - 10:17
Şahruddindən "ağzı yanan" "Qarabağ": 4 qapıçı transferi

"Qarabağ" bu yay transfer pəncərəsində heyətini nə az, nə çox - düz 4 qapıçı ilə gücləndirdi. Doğrusu, mövcud vəziyyət bu keçidləri şərtləndirdi. 

Andrey Lunyov ("Dinamo Moskva"ya) və Luka Quqeşaşvilinin ("Panserraikos"a) gedişindən sonra heyətdə cəmi bir qolkiper qalmışdı - Amin Ramazanov. Bu azmış kimi U-21 millimizin üzvü iyulda ağır zədə aldı. Avstriyada təlim-məşq toplanışında sağ dizinin ön çarpaz bağları tam qopan futbolçu 8 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Buna qədər isə ilk qapıçı transferi reallaşdırılmışdı. Fabian Buntiç 350 min avroya Portuqaliya təmsilçisi "Vizela"dan alındı. İkili vətəndaşlığı olan (alman və xorvat) 27 yaşlı "çərçivə qoruyucusu" ilə 3 illik müqavilə bağlandı. "İnqolştadt"ın yetirməsi Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb. Lakin Buntiçin Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində "Ludoqorets"lə (Bolqarıstan) oyunlarda uğurlu təsir bağışlamaması, həmçinin çıxışlarda səhvlərə yol verməsi və penaltiyə səbəb olması daha bir qapıçının alınacağı proqnozunu gücləndirdi. 

Bolqar səddi aşılandan cəmi 2 gün sonra Ağdam klubu daha bir "əlcək sahibi"nin keçidini açıqladı. Özü də CV-si xeyli yaxşı olan qapıçı alındı. Ötən mövsüm Polşa Ekstraklasasında mövqeyinin ən yaxşısı seçilmiş Mateuş Koxalskinin transferi uzun sürən danışıqlardan sonra rəsmiləşdi. 3+1 illik müqaviləyə qol çəkən 24 yaşlı oyunçu üçün keçmiş klubu "Stal"a yaxşı bir transfer məbləği də ödənilib - 900 min avro. O daha əvvəl "Legionoviya", "Radomyak" və "Legiya" formaları da geyinib. Ölkəsinin U-16, U-17, U-18 və U-19 yığmalarında çıxış edib. Bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. Cari mövsümdə "Stal"ın keçirdiyi dörd oyunda 360 dəqiqə meydanda olub. 

Ötən mövsüm çempionatda 33 qarşılaşmada forma geyinən qolkiper 9 oyunda "clean sheet"lə yadda qalıb. Mielets klubunun liqada qalmasında və yekunda "düşmə zonası"ndan 6 xal fərqlə 11-ci yeri tutmağında önəmli rol oynayıb. Bundan əlavə 2 dəfə həftənin rəmzi heyətinə düşüb. Mövsümdə orta hesabla hər oyuna 1,4 qol buraxan Mateuşun baş məşqçi Qurban Qurbanovun pasla geridən oyunqurma tərzinə də uyğunluğu var. Belə ki, Koxalskinin son sezonda meydanın özünə aid hissəsində ötürmə dəqiqliyi yüksəkdir - 78%. Başqa sözlə desək, matç başına 12,8 dəqiq ötürmə. Polyak qapıçının meydançanın rəqib hissəsinə dəqiq ötürmə faizi isə nisbətən aşağıdır - 54%, orta hesabla 15,9 ünvana çatmış pas. Ötən sezonda bir penalti dəf edən (1/6) kiper həmçinin intizamlı oyunu ilə də seçilir - 1 sarı vərəqə. 

Yazdıqlarımı toparlasam, Koxalski və Buntiçin Çempionlar Liqası üçün yetərli olduğunu düşünürəm.

Dünən açıqlanan Koxalski transferinə qədər "Qarabağ" daha iki qapıçının da keçidini həll edib. Belə ki, "köhnə tanış" Şahruddin Məhəmmədəliyev birillik "Adana Demirspor" macərasından sonra geri döndü. Əsasən yerli çempionat üçün nəzərdə tutulan bu keçid əslində azarkeşlərin etirazına baxmayaraq rotasiya üçün əhəmiyyətlidir. "Şah" elə Premyer Liqanın "Araz-Naxçıvan"la açılış matçında (4:1) "çərçivə"də öz yerini almışdı. Lakin o da yenidən "zədə epidemiyası"na yaxalandı və tezliklə əməliyyat olunacağı gözlənilir. Belə olan halda II turun "Kəpəz"lə oyununda "Qarabağ"ın qapısını gənc Sadiq Məmmədzadə qorudu. Azərbaycan çempionatında debüt edən qolkiper də bu yay "Səbail"in U-19 komandasından Ağdam klubuna keçib. Sadiq Gəncə təmsilçisi ilə görüşdə ona göstərilən etimadı doğruldaraq qapısını toxunulmaz saxladı - 3:0. Məmmədzadə U-19 millimizin də şərəfini qoruyur.

Düşünürəm ki, qapıçı problemi artıqlaması ilə həll olunduğuna görə mərkəz müdafiəçisi və sağ vinger transferlərinə diqqət ayırmaq olar. Tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında olan "Qarabağ"ın alternativlər yaratmaq və güclənmək baxımından yuxarıda qeyd etdiyim keçidlərə də ehtiyacı var.

Elmar Rza

writer photo
Əlirza Əlirzalı
0