Azərbaycan Premyer Liqasının XII turunun "Sumqayıt" - "Araz-Naxçıvan" (2:0) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini söyləyib.
- Azarkeşlərimizə təşəkkür edirəm, bu gün möhtəşəm idilər. Bugünkü qələbədə böyük pay sahibidirlər. Son oyunda xal itirdiyimiz üçün üzərimizdə təzyiq var idi. Həm də itkilərimiz olmuşdu. Oyunun gedişatı göstərdi ki, itkilərimizin yerini doldura bildik. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Kimlərəsə bu qələbə təəccüblüdürsə, deməli, futboldan anlayışı budur. Layiqli qələbə qazandıq. Son oyunda inkişafdayıq, bunu qəbul etmirlərsə, ölün, qalın.
- Klub prezidenti ilə görüşün səbəbi nə idi?
- Planlarla bağlı. Çətin ərəfədən keçdik. 8 günə 3 oyun oynadıq. Həmin bu görüşdə millidən gələn oyunçular da var idi. Yorğunluğu atmaq üçün prezidentlə danışdıq ki, sabah bunları etmək istəyirik. Sağ olsunlar, kömək etdilər.
- Ünvanlandığınız suallar jurnalistlərlə bağlıdır?
- Mən heç saytları açıb oxumuram. Təəccüblü qələbə deyirlər, bunu anlamıram. "Sabah" kimi komandanı udduq, "Qəbələ" ilə pis oynamadıq, qələbə qazana bilərdik. Yüksəlişdə olan komandayıq. Rəqib də "Qarabağ"ı məğlub edib. Sonra deyiləndə ki, vəziyyət bu yerdədir, başa düşə bilmirəm. Bəlamız odur, turnir cədvəlinə görə dəyərləndirmə aparırıq. Bizim ikinci yerdəki "Zirə" ilə fərqimiz cəmi 3 xaldır. Belə şeylərə görə, əvvəl bizə deyirdiz ki, futbol oynaya bilmirsizsə, bu peşəni atın. İndi təhlillər apara bilmirsizsə, siz də bu peşəni buraxın.
- Kasimir Ninqanın durumu nədir?
- Ona təşəkkür edirəm. Ağrıları olsa da, oynadı. Vəziyyəti ciddidir. Deyəsən, azı qışa qədər oynamayacaq.
- Masaki Murata son dəqiqəyə qədər oynamağa hazırdır?
- Yarımmüdafiədə itkilərimiz var idi. O baxımdan sonra qədər oynadı. Yarımmüdafiədə yaxşı rəqabət var. Növbəti oyunda da sona qədər oynayacaqmı, bilmirəm.