Samir Əliyev: "Açıq danışaq, hər komanda bizimlə oynamaq istəmir"
17.11.2023 - 20:39
Samir Əliyev: "Açıq danışaq, hər komanda bizimlə oynamaq istəmir"

U-21 yığma komandamızın baş məşqçisi Samir Əliyev Latviya ilə yoldaşlıq görüşündən (1:0) sonra açıqlama verilib. Apasport.az xəbər verir ki, gənc mütəxəssis komandamızın qələbəsini şərh edib:

- Matçla bağlı düşüncələriniz necədir?

- Yoldaşlıq oyunu idi. Ukrayna ilə oyunöncəsi imkan yarandı ki, bir çox futbolçulara şans verək. Qapıçı ilə birlikdə 11 əvəzetmə etdik. Hesab da sürüşkən idi. İlk yarıda qol vəziyyətlərimizi reallaşdırsaydıq, əvəzetmələri bir az da tez edərdim. Ki, uşaqlar daha çox oynasın. Qələbə hər zaman xoşdur. Çatışmayan cəhətlər həddən artıq çoxdur.

- Amin Ramazanov fasilədən sonra meydana çıxdı. Onun perspektivi nə qədərdir?

- O sualı qapıçılarla işləyən məşqçi cavab verəcək. Çünki bizdə qapıçılara cavabdeh odur. İşimiz onun qərarını dəstəkləməkdir.

 

- Bir mövqe üçün üç əvəzetmə etdiz. Rüfəti Ayxan, onu Mirəli Əhmədov əvəzlədi. Sonda isə Əhmədovun əvəzinə meydana Xəyal Əliyev daxil oldu. Latviyalılar çox kobud oynayırdılar?

- Belə deməzdim. Futboldur da. Zədəlilərin durumu ilə bağlı həkim məlumat verəcək.

 

- Qrupun lideri, İngiltərənin U-21 yığmasına qalib gəlmiş Ukrayna ilə qarşılaşacaqsız. Yəqin ki, psixoloji hazırlıq da vacib olacaq?

- Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, məncə, Ukrayna ilə bir az rahat olacaq. Onlara qarşı tamam fərqli oyun oynayacağıq. Rəqib qrupun lideridir, lap yaxşı. Bu özü artıq motivasiya deməkdir. Bir gün yol gedəcəyik, bərpa üçün vaxtımız azdır. Hər halda, meydana çıxıb mübarizə aparacağıq və istəyirik ki, layiqli nəticə ilə ayrılaq.

- Ukrayna ilə oyuna hazırlıq məqsədilə Latviya ilə qarşılaşdız. Hazırlıq üçün necə rəqib idi?

- Bu oyun çoxdan danışılmışdı, püşkatmadan sonra. Açıq danışaq, hər komanda da bizimlə oynamaq istəmir. Təbii ki, daha güclü rəqiblə qarşılaşmaq istəyərdik. Rəqib yoxdur. Hər halda, Ukraynaya qarşı tamam fərqli görüş izləyəcəyik.

 

- Əvvəlki matçlarda dördlü müdafiə ilə oynayırdız, bu dəfə fərqli düzülüş gördük. Plan bu idi?

- Latviya və Ukrayna tamam başqa futbol oynayır. Amma beşli müdafiə ilə oynamağımız Ukrayna ilə görüşə müdafiə planında hazırlıq idi. Sırf onunla əlaqədardır. Daim axtarışdayıq, toplanışlarda yeni oyunçularımız olur. Axtarırıq, şans veririk. Latviya matçı da sırf onun üçün idi.

 

- Ukrayna ilə matçda hansı nəticəyə ümid edirsiz?

-Rəqib qrupun lideridir. Bu komanda İngiltərəyə üç qol vurub. Çalışacağıq ki, müdafiədə etibarlı oynayaq. Öncə qol buraxmayaq, yəqin ki, əks-hücumlarda şansımızı gözləyəcəyik.

writer photo
Əlirza Əlirzalı
0