"Reallıqlarla barışmaq lazımdır. Biz bura gəlmişik ki, gələcək üçün komanda quraq. Həmin komanda bu yarışlarda ölkəni yaxşı təmsil etsin".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.
Təcrübəli mütəxəssis əsas hədəfin güclü və əzmkar komanda yaratmaq olduğunu vurğulayıb: "İndi milliyə cəlb etdiyim oyunçular birinci dəfədir ki, mənimlə işləyəcəklər. Məşq üçün cəmi bir gün vaxt olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Futbolçularla ilk dəfə işləyəcəm. Onlar bizi tanıyacaq, biz də onları. Fiziki hazırlıqlarında dəyişiklik etmək imkanımız yoxdur. Çünki klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrsə dəyişəcək? Bu artıq başqa məsələdir. İndiki məqamda köklü dəyişikliklərə getməyə əsas yoxdur. Əsas hazırlıq bazası bu və millinin keçirdiyi son oyunlar olacaq. Təbii ki, rəqabətə davamlı komanda yaratmaq istəyirik ki, yüksək səviyyədə mübarizə apara bilsin, çox qol vurub, daha az qol buraxsın. Çox kompakt, istəkli, əzmkar, vətən, bayraq üçün əzmkarlıq göstərən komanda yaratmaq istəyirik. Çalışacağıq ki, güclü kollektiv yaradaq. İndiki məqamda bu çox vacibdir. Milliyə çağırılacaq hər futbolçu bizim üçün çox önəmlidir. Amma onlar heç biri bizim üçün ulduz deyil. Ulduz yalnız göydə olur".
Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.