Slavko Georgiyevski: "Neftçi" belə duruma necə düşə bilər?" - Müsahibə
25.04.2024 - 17:23
Slavko Georgiyevski: "Neftçi" belə duruma necə düşə bilər?" - Müsahibə

"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski apasport.az saytına açıqlama verib. O, komandanın uğursuz nəticələrini şərh edib. Bununla yanaşı, klubun idman direktoru Yens Andersonu tənqid edib:

"Bu yaxınlarda Yens Andersonun müsahibəsini oxumuşdum. Məncə, o, "Neftçi" üçün necə işləməmək olar, onu göstərir. Ümumiyyətlə, o nə düşünür? Yəqin ki, hər səhər kofe yox, neft içdiyimizi düşünür? Bilirsiz o, daha çox niyə bina və bazanın tikintisindən danışırdı? Çünki komandanın nəticəsi yoxdur, danışılası bir şey qalmayıb. Əgər, nəticə olsaydı, niyə binadan, bazadan danışsın? Ortada nəticə yoxdur, o da bina tikintisindən danışır. Uğursuz nəticələrə görə veriləcək suallara cavabı yoxdur. Sanki mən Aydan, Marsdan, Neptundan danışacam, amma nəticədən yox. Çünki ortada nəticə yoxdur, uğursuzluq var".

"Neftçi"nin sabiq futbolçusu ölkə kubokundakı uğursuzluqdan da söhbət açıb: "Bayaq dediyim məsələ... Nəticə... "Qarabağ"a da uduzdular, kubok da əldən çıxdı. Necə oldu ki, bu uğursuzluqlar yaşandı. "Qarabağ"a 0:4 və 1:4 hesablı məğlubiyyətlər gözlənilən idi? Əlbəttə ki, yox. Heç ağlıma da gəlməzdi ki, belə olacaq. Axı, "Neftçi" kuboku istəyirdi. Mən düşünürdüm ki, "Neftçi" qələbə qazanaraq kubokun sahibi olacaq. Bu, rəhbərliyin də verdiyi söz idi. Elə günü bu gün, bu dəqiqə Yens Anderson "Neftçi"dən göndərilməli, əşyalarını yığıb hava limanına yollanmalı, oradan İsveçə qayıtmalıdır. Heç nəyi düşünməyə, müzakirə etməyə dəyməz. Bir ay keçməyib, "Neftçi" "Qarabağ"a eyni hesablarla uduzur. Bu necə ola bilər? Ürəyim yandığı üçün bu cür danışıram, inanın mənə. "Neftçi" belə duruma necə düşə bilər? Məğlubiyyət ola bilər, futboldur da, kim nə deyir? Amma belə yox da, artıq belə yox. Bu cür adam "Neftçi"də niyə işləyir? Mənim kimi "Neftçi"də uğur üçün sona qədər oynayanlar olub. Şəxsən mən "Neftçi"də daha yaxşısını edərdim, bu klubda idman direktoru, məşqçi kimi də çalışıb "Neftçi"yə xeyir verməyə hazıram.

Ən yaxşısı odur ki, komandaya yerli, gənc uşaqları götürsünlər. Bir neçə legioner də gətirsinlər. İki il komandanı qursunlar ki, gələcək 10 ildə uğurlar ardıcıl gəlsin. Bu cür olmur. Strategiya və məqsəd lazımdır. Elə bir ilə legionerləri yığdım, vəssalam. Xeyr, belə olmur. Miodraq Bojoviçdə də alınmadı. Bu da çox pisdir. Nə deyim? Ümid edək ki, hər şey düzələcək".

writer photo
Əlirza Əlirzalı
0