“Biz yaxşı oynayanda və qalib gələndə də azarkeşlər narazı qalır. Slovakiyada millidən daha böyükhesablı qələbələr gözləyirlər”.
Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Stanislav Lobotka deyib.
“Napoli”də çıxış edən 27 yaşlı futbolçu Millətlər Liqasının son iki turu ərəfəsində müsahibə verib. O, Azərbaycan və Belarusla qarşılaşacaq Slovakiya yığmasının asanlıqla qalib gəlməyəcəyini bildirib: “Slovakiyalılar elə bilir ki, futbol inkişaf etmir. Son 5-6 ildə inkişaf olub. Favoritlərin qələbə qazanmaqda problemləri artır. Yalnız məşqçinin tapşırıqlarını düzgün və ardıcıllıqla yerinə yetirməklə uğura yol tapmaq olar. Biz səbirli olmalı və imkanlardan yararlanmalıyıq. Tam gücümüzü qoymalı və futboldan zövq almalıyıq”.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu sabah Trnavada keçiriləcək.