Spiros Kapralos: "Bakıda Avropa Oyunlarının gələcəyini müzakirə etdik"
08.06.2023 - 17:56
Spiros Kapralos: "Bakıda Avropa Oyunlarının gələcəyini müzakirə etdik"

"Polşada baş tutacaq III Avropa Oyunlarından əvvəl Koordinasiya Komitəsinin Türkiyədən olan sədri Hasan Aratla birlikdə Bakıda, Azərbaycandayıq. Unutmamalıyıq ki, Avropa Oyunları buradan, Bakıdan başladı".

APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, I Avropa Oyunları çox uğurlu şəkildə Azərbaycanda keçirilib: “Bu, Avropa Oyunlarını daha da vacib etdi. Biz Azərbaycana səfər edərək nazir Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşürük, biz Polşada keçiriləcək oyunlardan gözləntilər barədə Azərbaycan tərəfini məlumatlandırırıq. Azərbaycandan 80-dən çox idmançının daxil olduğu böyük bir nümayəndə heyəti yarışlar üçün Krakova, Polşaya gedir. Biz görüşlərimizdə həmçinin Avropa Oyunlarının gələcəyini müzakirə etdik. Biz həmçinin 2015-ci ildə yarışlar üçün tikilən infrastrukturun necə istifadə olunduğunu görmək istədik və qeyd edim ki, gördüklərimizdən razı qaldıq. Bütün bu infrastruktur istifadə olunur. Azərbaycan həmçinin idman sahəsində beynəlxalq səviyyədə irəliləyir. Ötən həftə Bakıda taekvando üzrə dünya çempionatı baş tutdu və çox uğurlu şəkildə bu reallaşdı. Hətta Tomas Bax da Bakıda idi. Biz düşündük ki, yarışlardan öncə Bakıya səfər edək və tərəfdaşlarımızla fikir mübadiləsi aparaq. Hesab edirəm ki, Avropa Oyunlarının səviyyəsi inkişaf etməyə, diqqət cəlb etməyə davam edir. Oyunların gündəliyi inkişaf edir. Düşünürəm ki, Avropa Oyunları yeni idman növlərinin gündəliyə daxil edilməsi üçün yaxşı platformadır”, - o qeyd edib.

Spiros Kapralos vurğulayıb ki, Azərbaycan bir sıra Avropa çempionatlarına ev sahibliyi edib: “Biz iştirakçılardan, idmançılardan müsbət rəylər eşitmişik, onlar deyiblər ki, Azərbaycanda yarışların təşkili üçün əla şərait var”.

writer photo
Əlirza Əlirzalı
0