Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Avropa birinciliyində qüvvəsini sınayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Avqustun 24-26-da Estoniyanın paytaxtı Tallində keçiriləcək G2 kateqoriyalı yarışda yığmamız 16 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Məmməd Abdullayevlə məşqçi Zahid Məmmədov qitə birinciliyində Məhəmməd Həsənli (45 kq), Fuad Məhərrəmli (48 kq), Aydın Süleymanov (51 kq), Ramil Əsədov (55 kq), Marat Məmmədov (59 kq), Vüqar Bağırov (63 kq), Elcan Əliyev (68 kq), Hüseyn Xudiyev (73 kq), Səlimə Quliyeva (42 kq), Zemfira Həsənzadə (44 kq), Seyidxanım Məmmədova (46 kq), Banu Quliyeva (49 kq), Məryəm Məmmədova (52 kq), Səadət Abbasova (55 kq), Nərgiz Kazımova (59 kq) və Nigar Abdullayevaya (67 kq) şans verəcək.
Eyni günlərdə Tallində, həmçinin böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı da keçiriləcək. Yığma yarışda kişilərdən ibarət komandada baş məşqçi əvəzi Məmməd Abdullayev və qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında çıxış edəcək.
Məşqçilər korpusu Estoniyada G1 kateqoriyalı çempionatda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Həmidreza Badrialiabadi (+80 kq), Səmərrux Osmanova (49 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (67 kq) sınaqdan çıxaracaq.
Komandalara rəhbərliyi Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Bu yarışlara referi kimi isə federasiyanın baş hakimi Gündüz Abdullayev və Elşad Məmmədov qatılacaq.
Qeyd edək ki, bu gün səfər yollanan milli avqustun 28-də Bakıya dönəcək.