Misli Premyer Liqasında geridə qalan 4 turdan sonra turnir cədvəlinə başçılıq edən “Turan Tovuz”un müdafiəçisi Roderik Miller apasport.az saytına müsahibə verib.
- “Turan Tovuz” 4 turdan sonra vahid liderdir. Bu cür nəticəni gözləyirdiniz?
- Məncə, layiq olduğumuz yerdəyik. Birinci pillədə yer almaq üçün çox iş gördük və hələ ki, bunu bacarmışıq. İndi hər şeyin ən çətin hissəsi başlayır. O da daim bu səviyyədə qalmaqdır. Çünki hələ ki, mövsümün əvvəlidir və qarşıda çox oyun var.
- Son turda “Qarabağ”a qalib gəldiniz. Bunu necə şərh edərdin?
- “Qarabağ”a qarşı çox kompakt oynadıq. Düşünürəm ki, komanda yoldaşlarımın yaxşı səyi, əzmkarlığı və müdafiə nizamı qələbə qazanmağımızda əsas rol oynadı. Həqiqətən də yaxşı performans göstərdik.
- Ötən mövsüm “Qarabağ”a qarşı oynamaq daha çətin olmuşdu?
- Doğrudur, bu mövsümün ilk duelində qələbə qazandıq. Amma məncə, “Qarabağ”a qarşı oynamaq hər zaman çətindir. Çünki qarşındakı komanda hər mövsüm yüksək səviyyəli oyunçuları heyətinə qatan, ölkəni avrokuboklarda yaxşı təmsil edən “Qarabağ”dır. Onlarla oynamaq heç vaxt asan deyil.
- “Qarabağ” üzərində qələbə sizə növbəti oyunlar üçün daha çox motivasiya verdi? Yoxsa normal qəbul etdiniz?
- Təbii ki, bu tip matçlarda qələbə qazanmaq müsbət haldır. “Qarabağ”la görüşdəki qələbə özümüzə inamı artırdı. Onları səfərdə məğlub etdik. Bu çox yaxşı nəticədir.
- Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız. Səncə, onları da məğlub edə biləcəksiz?
- Mən həmişə meydanda olanda danışmağı xoşlayıram. Çətin oyun olacaq. Amma qalib gəlmək istəyiriksə, bütün gücümüzlə oynamalıyıq. Bunu edə biləcəyimizə inanıram. Sona qədər mübarizə aparacağıq.
- Yayda sənə Çin və Avstraliya klublarından sərfəli təkliflər var idi. Yəqin ki, oralara getmədiyiniz üçün peşman deyilsiniz? Çünki “Turan Tovuz” çox yaxşı irəliləyir....
- Əvvəldən dedim, “Turan Tovuz”da özümü çox yaxşı hiss edirəm. Həyatda hər şeyin səbəbi olur. Toplanışda komandanı görəndə bildim ki, bu il yaxşı mövsüm keçirəcəyik. Rəhbərlik tərəfindən ciddi dəstək və etimad var. Rəhbərlik, məşqçilər korpusu, futbolçular, azarkeşlər... Hamı bir məqsədə müsbət yanaşanda, buna köklənəndə gözəl şeylər qaçılmaz olur.
- Kurban Berdıyevin futbolçularla çoxlu söhbətləri, təhlilləri olur. Sənin özünlə necə, tez-tez danışır?
- Məşqçinin tələbləri oyunçuların keyfiyyəti ilə çox uyğundur. O bütün detallara baxır, səhvlərimizi düzəldir və bir daha meydanda təkrarlamamaq üçün göstərişlərini verir. Berdıyev bu mövzuda çox sərtdir və çox vaxt diqqətini məhz səhvlərə yönəldir.
- “Turan Tovuz” bu mövsüm avrokuboklara vəsiqə qazana bilər? Özünüzü çempionluq uğrunda mübarizədə görürsüz?
- Gəlin irəliyə addım-addım gedək, təbii ki, hər şey mümkündür. Amma bunun üçün mübarizə aparmalıyıq. Bu sadəcə başlanğıcdır. Hələ çox iş var. Hamımızın bir məqsədi var. Təki, Allah bizə o gözəl yola çatmağa imkan versin.
“Turan Tovuz”un müdafiəçisi: "Kurban Berdıyev çox sərtdir"
27.08.2024 - 16:21
0
0