Azərbaycan milli komandasının sabiq futbolçusu Uğur Pamukun apasport.az saytına müsahibəsi
- Müəyyən müddət öncə Almaniyada aşağı liqa klubunda oynayırdın. Hazırda nə işlə məşğulsan?
- İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Bu barədə heç düşünmürəm də. Özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər.
- Uzun illərdir ki, azərbaycanlı olmadığını və milliləşdirildiyini iddia edilirdi. Amma sən əslən gəncəli olduğunu bildirirdin...
- Azərbaycanlı olmadığımı kim deyir, bilmirəm. O vaxtı milliləşdiriləndə də demişdim ki, atamın babası əslən Gəncədəndir. Onu sübut da etmişdik. Atamın özü də İğdırda dünyaya gəlmişdi. Oradan isə Almaniyaya köçmüşdülər.
- Azərbaycan millisinin hazırkı durumu ürəkaçan deyil. Kənardan yığma necə görünür?
- Azərbaycan millisinin vəziyyəti o qədər də pis deyil. Sadəcə, baş məşqçi dəyişməlidir. Mən hələ də anlamıram ki, Azərbaycanda gənc, yaxşı məşqçilər ola-ola, onlara niyə şans verilmir. Keçmiş futbolçulara şans verilməlidir. Siz məndən daha yaxşı bilirsiz, kim oynayıb, kim indi məşqçiliyə başlayıb, kurslara gedir. Məhz həmin adamlara şans verilməlidir ki, futbolumuz inkişaf etsin. Yoxsa, italiyalını, portuqaliyalını gətirirlər, komandanı da tanımır. Yığmadan 10 nəfər gedir, 10-u gəlir... Bəzən milliyə heç öz klubunda oynamayan futbolçular dəvət edilir. Ona görə də, vəziyyət belədir.
- Azərbaycanda ən çox tənqid edilən məsələ milliləşdirilmədir. Riçard Almeyda, Filip Ozobiç, Höccət Haqverdi millisinə nə verəcək?
- Milliləşdirilmə söhbətini mən də başa düşmürəm. Niyə belə edirlər, mən də anlamıram. İnandırım sizi, bir şey tapmıram. Bu, açıq-aşkar öz oyunçularımıza güvən olmaması deməkdir. Azərbaycanda o qədər futbolçu var ki, Riçard Almeyda ilə eyni səviyyədədir, ya onun kimi yaxşı ola biləcək potensialdadır. Onlara şans vermək lazımdır. Mən də bu məsələyə yaxşı baxmıram. Braziliyalılar, xorvatiyalılar milliləşdirilir. Bunu ümumiyyətlə, anlamıram. Yaxşı olsaydılar, elə öz yığmalarında oynayardılar da.
- İndi isə Abdullah Zubirin milliləşdirilməsi iddia edilir...
- Bəlkə də, həmin mövqedə yaxşı çıxış edə bilər. Amma bu heç nəyi dəyişməyəcək. Azərbaycan millisi Zubirlə nə qrupdan çıxacaq, nə də daha çox xal toplayacaq. Öz oyunçularımıza şans verilməlidir və səbir etməliyik ki, 4-5 il sonra yaxşı yerlərə gələk. Amma milliləşdiririk, yerli uşaqlar da kənarda qalır, həvəsdən də düşürlər. Dəyər verilmir. Sonra Ozobiçlər, Zubirlər də vaxtı çatanda çıxır gedir. Yaxşı oyunçulardır, lap yaxşı, amma millidə özümüzünkülər oynamalıdır.
- Azərbaycan futbolunun əsas problemi uşaq futboludur. Siz necə düşünürsüz?
- Bəli, Azərbaycanda ən böyük problem uşaq futboludur. İnkişaf üçün daha çox dəyər vermək lazımdır. Gənc, yaxşı məşqçiləri uşaq futboluna gətirmək lazımdır ki, uşaqlar onlardan öyrənə bilsinlər. Ən yaxşı misalı çəkim də sizə - Almaniya. Burada “futbol” deyəndə ağla öncə uşaq futbolu gəlir. Yəni Almaniyada hər şeydən əvvəl uşaq futboluna dəyər, üstünlük verilir.
- Yığmanın nəticələrində dəyişiklik görünürsüz?
- Bəlkə də, 10 il oldu ki, Azərbaycandan Almaniyaya gəlmişəm. Ondan bu yana deyə bilərəm ki, heç nə dəyişməyib. Nə daha çox xal toplanıb, nə qrupdan çıxılıb, uduzanda da başabaş mübarizə olmayıb. Avstriya və İsveç kimi komandaları da asanlıqla qələbə qazanıb. Əvvəl də nəticələr belə idi, indi də. Mənə görə Azərbaycan futbolunda heç nə dəyişməyib. Mən “Sumqayıt”da oynayanda milliyə dəvət alırdım. Ancaq “Xəzər Lənkəran”a keçdim və çox oynamırdım. Mustafa Dənizli ilə Oğuz Çətin gəlmişdi, onlar mənə şans vermirdi. Futbolçu öz komandasında oynamayanda milliyə də dəvət edilmir. Bu normal haldır.
- Bəs millini bu durumdan kim çıxara bilər?
- Azərbaycan millisinə Qurban Qurbanov kimi baş məşqçi lazımdır. Ona vaxt, dəstək lazımdır. Belədə, nəsə ola bilər. Baxın, görün, o, “Qarabağ”ı haralara gətirib çıxardı. İndi hansısa məşqçi “Qarabağ”a gəlsə, həmin “Qarabağ” olmayacaq. Bunu dəqiq deyirəm. Komandanın buralarda olması 70-80 faizi Qurbanovun əməyi var.