Vadim Abdullayev: "2-ci pillə də pis nəticə deyil"
21.11.2024 - 10:55
Vadim Abdullayev: "2-ci pillə də pis nəticə deyil"

"İdmanın bütün kontakt sahələrində texnika, taktika, düşüncə və klasda uduza bilərsən. Hələ ki, Azərbaycan millisisənsə... Amma mübarizliyin heç vaxt rəqibdən zəif ola bilməz".

Bu sözləri apasport.az saytına açıqlamasında Vadim Abdullayev deyib.

Yığmanın futbolçusu millinin durumunu dəyərləndirib: "Təbii ki, millinin son oyunlarında mən də olmaq istəyərdim. Hər iki görüşü izləmişəm. İstək, motivasiya, hirsin əksik olduqda digərlərinin əhəmiyyəti qalmır. Estoniya heç vaxt keyfiyyətdə bizdən üstün ola bilməz. Sadəcə onların istəyi bizdən daha çox idi. Bir-birlərini meydançada sərt şəkildə yönləndirirdilər, yardım edirdilər. Həmin istək nəticədə bizim üçün acı sonluqla nəticələndi. Hər zaman deyirəm ki, meydana çıxırsansa, idmançı kimi özünü hamıdan üstün görməlisən. İdman növünün fərqi yoxdur. Belə düşünməyən birinin meydana çıxmasının mənası yoxdur. Ona görə də inam ən önəmli detallardan biridir. Nəticə istəyirsənsə, işinə hər şeyini verməlisən. Slovakiya ilə matçdan sonra vurğulamışdım ki, kaş uşaqların yanında olardım. Həmin motivasiyanı, hirsi, inamı onlara verərdim".

"Araz-Naxçıvan"ın kapitanı zədəsi barədə də danışıb: "Hazırda zədəm sağalır. Fərdi məşqlərə başlamışam. Düşünürəm ki, "Turan Tovuz"la matça hazır ola bilərəm. Alınmasa, növbəti görüşdə iştirak edəcəm".

O, komandanın uğurunun sirrini açıqlayıb: "1-ci pillədə olsaydıq, daha yaxşı olardı. Həyatda hər zaman maksimumu istəmişəm. Amma şükür Allaha 2-ci yer də pis nəticə deyil. Bu irəliləyişin səbəbi komandanın daxilində olan ab-hava, inamdır. Hər zaman kollektiv davranırıq. Cəzalı və ya zədəli olan futbolçular da həmişə kənardan dəstək verir. Əllərindən gələni edirlər ki, heç olmasa meydançaya enerji ötürə, dəstək verə bilsinlər. İnam olmayan yerdə heç bir uğurdan danışmaq olmaz".

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C Liqasındakı mövqeyini itirib. Komanda növbəti mövsüm D Liqasında mübarizə aparacaq.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0