“Mətbuatdan da oxuyuruq ki, hər iki komanda çox ciddi hazırlaşıb. Xüsusən də, “Nant” tərəfi turnirdə qalmaq baxımından son şansı olduğunu bilir”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq hücumçusu Vaqif Cavadov Azərbaycan çempionunun Avropa Liqasının qrup mərhələsində “Nant”la keçirəcəyi oyunu dəyərləndirərkən deyib.
Veteran futbolçu bugünkü matçda psixoloji hazırlığın vacib olduğunu söyləyib: “Hər iki komadan hazır olduğunu deyir. Ancaq bunu hakimin start fitindən dərhal sonra görəcəyik. Hansı psixoloji cəhətdən hazırlıqlı olacaq, o da qalib gələcək. İstənilən halda “Qarabağ” görməli olduğunu artıq edib. Komandamız uduzsa belə, futbolçulara təzyiq göstərmək düzgün olmaz. Futbolçular bacarıqlarının maksimumunu ortaya qoyublar. Təbii ki, yenə qalib gəlmək istəyəcəklər”.
33 yaşlı keçmiş futbolçu bildirib ki, “Nant” üzərində Bakıda qazanılan böyükhesablı qələbə (3:0) aldadıcı ola bilər: “Bakıdakı nəticəyə aldanmaq olmaz. Komanda var ki, bir oyunda 5 qol vurur, növbəti matçda uduzur. Burada da hər şey futbolçuların hazırlıq durumundan, matçın gedişatından asılı olacaq. Komanda səfərdə oynayır, təzyiq olacaq. “Nant” özü də adlı-sanlı komandadır. “Qarabağ”ın çətin matçlarında həmişə maraqlı nəticələr qeydə alınıb”.
Vaqif Cavadov Ağdam təmsilçisini 1 xalın da qane etdiyini vurğulayıb: “Növbəti mərhələyə vəsiqəni təmin etmək üçün 1 xal da bəs edər. Proqnoz verə bilmərəm. Amma “Qarabağ”ın ən azı heç-heçə etməsini istəyərdim. Çünki futbolçuların mövsümboyu çəkdikləri əziyyət hədər getməsin. Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə oyunu xatırlayıram. Orada “Qarabağ” hesabda öndə idi. Amma elementar səhvlərə görə, komanda məğlub olaraq həmin turnirin qrupuna düşə bilmədi. İstəməzdim ki, futbolçular bugünkü oyunda oradakı səhvləri təkrarlasın”.
Qeyd edək ki, “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.