"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə səfərdə "Ludoqorets"i 7:2 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Apasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
- Futbolçularımı təbrik edirəm. Oyunun gedişatından həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubları var. Bunun qarşısını almalıydıq. Matçın əvvəlində hesabda öndə olsaq da, heç nədən iki qol buraxdıq. Rəqibin ən üstün cəhəti olan əks-hücumlarda bir az diqqətsiz olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq. Matçdan öncə futbolçulara demişdik ki, sona qədər oyunun içində qalmaq və soyuqqanlı olmaq lazımdır. Mən ümidsiz deyildim. Belə oyunlardan çox keçmişik. Belə gərgin oyunlara dözmüşük. Bildirmişdim ki, 120 dəqiqə dözməyi bacarmalıyıq. Futbolçularıma əhsən düşür. Azarkeşlərimizi, Azərbaycanı təbrik edirəm. Qalibiyyət öz yerində, bu cür oyunlar həm futbolçuları böyüdür, həm klub olaraq böyüyürük, həm daha xarakterli oluruq və futbol daha da sevilir. Azarkeşlərdə adrenalin görəndə daha çox sevinirəm. Həqiqətən elə oyun idi, sanki bir triller idi. Bu, həqiqətən mənim "Qarabağ"ım idi, Azərbaycanın "Qarabağ"ı idi.
- "Dinamo" ilə oyunla bağlı fikirləriniz necədir?
- Hazırda rəqib haqda heç bir məlumatım yoxdur. Bütün fikirlərimiz bu oyunda idim "Dinamo" birbaşa pley-offda bizi gözləyən rəqibdir. Vaxtımız olacaq. Qarşıdakı günlərdə çalışacağıq ki, rəqibi yaxından tanıyaq. Mərhələlər keçildikcə daha ciddi, daha təcrübəli rəqiblər gözləyir. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez bir zamanda yaddan çıxarmalıyıq. Təcrübəmiz var. Neçənci dəfədir ki, pley-off mərhələsində oynayırıq. Zədəlilərimiz bizə bir az problem yarada bilər. Belə matçlarda hansısa rotasiyalar etmək çox vacibdir. İnanıram ki, futbolçular həmin oyunlara hazır olacaq. Çox istərdim ki, bu kollektiv Çempionlar Liqasının qrup mərhələsində iştirak etsin. Çünki, futbolçular çox əziyyət çəkirlər. Bu günə kimi çox böyük iş gördük. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Onlar bizə həmişə inanıblar.