“Sabah”ın futbolçusu Veysəl Rzayev Kurban Berdıyevin istəyilə “Turan Tovuz”a transfer edildi. U-21 yığmamızın kapitanlarından olan yarımmüdafiəçi apasport.az-a açıqlamasında “Sabah”dan ayrılmasına və “Turan Tovuz”a keçidinə fikir bildirib:
“Klublar arası danışıq oldu. Razılıq əsasında "Turan Tovuz"a keçdim. İki il idi ki, bu komandada icarə əsasında oynayırdım. Açığı, bu komandada oynamaq üçün daha çox şansım olacağını düşündüm. Ona görə də, belə qərar verdim. Yoxsa başqa klublardan da təklifim var idi. Amma bu komandanı daha uyğun gördüm. Tez-tez klub dəyişməyə üstünlük verən oyunçulardan deyiləm. Bir komandada qalıb, ən azından 2-3 il oynamaq lazımdır.
Hələ ki, Kurban Berdıyevlə danışığım olmayıb. Berdıyevi əvvəlcədən tanıyıram. O, çox təcrübəli məşqçidir. Ondan öyrənə biləcəyimiz çox şeylər var. Buna zaman lazımdır ki, həm məşqçi oyunçuları tanısın, həm də futbolçular məşqçinin nə istədiyini tam olaraq başa düşsün. Yenə deyirəm, bunun üçün bir az zaman lazımdır. Hazırda hər şey qaydasındadır, heç bir çətinlik yoxdur. Çalışacam ki, komanda üçün ən yaxşısını edim”.