“Kəpəz”in veteran futbolçusu və sabiq məşqçisi Vidadi Rzayevin apasport.az-a müsahibəsi
- “Qarabağ”la matçdan sonra Azər Məmmədov istefa verdi. Bunu gözləyirdiz?
- 14-15 yeni oyunçu gətirmişdilər, seçimdən də çox şey asılıdır. Seleksiya işi ən mühümüdür. Ola bilər ki, məşqçi seleksiya işində səhv edib. Ya da, rəhbərlik o maliyyəni vermədi ki, istədiyi oyunçuları gətirsin. Ancaq bundan əvvəl də eyni büdcə idi. Yaşar Vahabzadə komandanı yığmışdı, sonradan da Tərlan Əhmədov gəldi və komandanı Premyer Liqada saxladı. “Neftçi”yə qalib gəldilər, “Qarabağ” və “Sabah”la bərabərə qaldılar, buna rəğmən, bütün mütəxəssislər deyirdilər ki, “Kəpəz”in yeri birinci diviziondur, Premyer Liqadan düşəcəklər.
- Sizcə, “Kəpəz”i kim gəlib xilas edə bilər?
- Vallah bu vəziyyətdə kim xilas edə bilər, bilmirəm. Onu klub rəhbərliyi özü fikirləşsin. Rəhbərlik yerində deyil.
- Nə mənada?
- Rəhbər baş məşqçini qaldırıb dağın başına da qoyar, oradan aşağı tullaya da bilər.
- Sizcə, “Kəpəz” rəhbərliyi hansını edir?
- Bir-bir məşqçiləri “xərcləyəcək”. Azər Məmmədovda günah görmürəm. Büdcə eynidir. Üç milyon manat büdcə ayrılır. Qazaxıstanda da dövlət klublara bu qədər pul ayırmışdı. Fikrimcə, üç milyonla komandanı normal saxlamaq olardı. Deyirlər, büdcə yoxdur, yaxşı, bunlar üçün həmin məbləğ azdır. Axı, 11-12 legioneriniz var. İki legioner qapıçı var. Özlərindən soruşun, həmin legioner qapıçılara nə qədər maaş verirlər? Ancaq Kamran İbrahimov əsas qapıçıdır. Pis qapıçı deyil. Sadəcə, yerli dayanacaqdısa, iki legioneri nəyə gətirirsiz? Orxan Sadıqlı dayanırdı da, onu göndərirsiz. Anormallıq edirlər. Orxanı buraxıb, iki legioner gətirirsən, hərəsinə də nə qədər pul verirsən, Kamran İbrahimov da əsas qapıçıdır. Kamran dayansın, etiraz etmirəm, yerlinin dayanması üstünlükdür. Komandaya gətirəndə baxmırdız bəs? Deyirlər, perspektiv vəd edirdi. Bizə perspektiv lazım deyil e, futbolçu gəlməlidir, kömək etməlidir. “Araz-Naxçıvan” yeni yığılıb, 7-8 nəfərlə başladılar, 18 günə komandanı yığdı, düzəltdi, oynatdı. Burada ən başda duran insan klubun rəhbəridir. “Kəpəz”dən gedəsi adam da klub rəhbəridir. Baş məşqçi kim gələcəksə, necə gələcək, nə edəcək, demək çox çətindir.
- Sizcə, Azər Məmmədova şərait yaradılmadı?
- Azər Məmmədov özü bu şərtlərlə razılaşıb, gəlmişdi. Hamı deyirdi ki, Azər yaxşı insandır, yaxşı oğlandır. Sadəcə futbol başqadır da.
- “Gəncədə gəncəli məşqçi işləməlidir” stereotipi də sanki dağıldı?
- Özləri dağıtdılar. Oradakı günahkar klub rəhbərliyidir. Çempionat başlamamışdan əvvəl də, futbol veteranları da deyirdi ki, Azər gəldi və özünü “zibilə” saldı. O, bu gedişatları ehtimal etməliydi. Rəhbərlik desəydi ki, bu büdcəni sənə verirəm, özünə komanda düzəlt, deyərdim ki, get özünə məşqçi tap. “Kəpəz”in xilası yalnız rəhbərliyin gedişidir. Onlardan soruşun ki, Tərlan Əhmədovu nəyə görə işdən çıxartdınız? Xasiyyət deyirlər. Onun xasiyyəti lap superdir. Tərlan Əhmədov intizamlıdır, intizamı isə heç kim sevmir. Bu olan yerdə heç bir əyrilik, yeyinti olmur. İki dəqiqə yeməyə gecikmişdim, məni 50 manat cərimələdi. Dedim, yaxşı etmisən, mən də olsam, edərdim. İntizam bizdən başlayır. Oradakı vəziyyəti bilmirəm, çünki əlaqəm yoxdur. “Gəncədə gəncəli işləməlidir” mifini çoxdan dağıtmışdılar. Legionerləri vaqonla gətirib ora tökürlər.
- Tərlan Əhmədovu geri qaytararlar və ya Əhmədov buna razı olar?
- Bilmirəm, vallah. O, Tərlan Əhmədovun biləcəyi işdir.
- Abdullah Şuaybu məsələsi haqda fikriniz necədir? Böyük skandaldır. Klub futbolçunu Hepatit B virusu ola-ola oynadıb. Hər halda, ciddi saxtakarlıqdır...
- Onun bizə aidiyyatı yoxdur, bizim dönəmdə də “Kəpəz”də oynayırdı. Yaşar Vahabzadənin vaxtında komandada oynayırdı. Hüquq mühafizə orqanları var, getsinlər yoxlasınlar ki, kim edib, necə edib. Onların işləridir. Həkim sağlamlıq kağızını verir, AFFA-ya göndərirlər, təsdiqləyirlər və oynayır. Onu kim gizlədib, kim saxtakarlıq edib, onu bilmirəm. Biz məşqçiyik, həkim deyilik. Bəli, Şuaybu hamı ilə kontaktda olub, mənimlə də. Gərək hamımız gedək, özümüzü yoxladaq. Rəhbərlik oturub orada, onlar gələndə Şuaybu gəlib. Sənədi harada, necə dəyişdiriblər, getsin İlqar Nadiri cavab versin. Ona mən cavab verəsi deyiləm.