"Boluspor"un futbolçusu Vüsal İsgəndərli apasport.az saytına müsahibə verib.
- Son turda "Ümraniyespor"la görüşdə 2:0 hesabı ilə qələbə qazanmağı bacardınız. Görüş sizin üçün necə alındı?
- Bu oyuna çox yaxşı hazırlaşmışdıq, yaxşı da başladıq. Epizodlarımız çox oldu. Ancaq oyunun sonuna doğru qələbə qolunu vura bildik. Əlbəttə ki, bu qələbə bizi pley-off zonasına aparacaqdı. Bu mənada, çox vacib qələbə idi. Şadam ki, vacib görüşü qazana bildik.
- Rəqib komandada millimizin digər üzvü Coşqun Diniyev oynayırdı. Onunla oyundan əvvəl və ya sonra söhbət etdiniz? Nələr danışdız?
- Oyundan əvvəl da Coşqunla danışmışdıq. Onların Boluda qaldığı otelə yollanmışdım, söhbətləşmişdik. Matçdan sonra da danışdıq, söhbət etdik. Bir-birimizə uğurlar dilədik, komandalarımız haqda bir az söhbət etdik. Bu qədər.
- Yəqin ki, komanda yoldaşların arasında millimizin üzvü və ya azərbaycanlıların olmasını da istəyərdin?
- Əlbəttə ki, "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim. Buradakı motivasiya, futbolçular arasındakı münasibət çox yaxşıdır. Elə bizi bu cür uğurlu nəticələrə aparan da münasibətin yaxşı olmasıdır. Doğrudur, çalışırıq, ortaya əmək qoyuruq. Amma kollektiv olaraq hər şey yaxşıdır deyə, qələbələr də gəlir.
- "Ümraniyespor" üzərində qələbədən sonra komandanız pley-off zonasına daxil oldu. Liqanın sonuna qədər burada qala biləcəksiz? Qarşıdakı turda çempion "Eyüpspor"la oynayacaqsız....
- Çox çətin oyun olacaq. Ümumiyyətlə, bundan sonra hər tur bizim üçün final görüşüdür. Bilirdik ki, belədir, asan olacağını düşünmürdük. Son 4 final görüşünü qazanmalıyıq. İnanıram ki, bunu bacaracağıq. Çünki yaxşı komandamız var.
- "Boluspor" rəhbərliyi Azərbaycan millisinin bir neçə üzvü ilə maraqlanır. Onlar arasında Eddi İsrafilov da var. Onunla danışıq aparırlar. Səndən Eddi haqda nəsə soruşublar? O, komandaya xeyir verə bilər?
- Əslində, Eddi İsrafilov məsələsini soruşmayıblar. Amma elə bir söhbət olsaydı, əminəm ki, fikrimi soruşardılar. Eddiyə gəlincə, o, yaxşı futbolçudur. Əlbəttə ki, komandamıza xeyir verəcək potensialdadır. Necə olacağını rəhbərlik bilir.
- "Boluspor"un məşqçilər korpusu Azərbaycan millisinin heyətində Monqolustana qarşı keçirdiyin oyunu izləmişdilər?
- Bəli, izləyiblər. Məşqçilər korpusumuz hücum mövqeyimdə oynadığımı bilirdilər. Sadəcə, bu il başqa sistemlə oynadığımız üçün indiki halda bir az öz mövqeyimdən uzaq oynayıram. Amma "Boluspor"un baş məşqçisi bildirdi ki, millidə oynadığım mövqedə də gələn mövsüm klubda oynayıb, məhz orada xeyir verəcəm. Baş məşqçimiz hansı mövqeyə buraxırsa, orada da xeyir verməyə çalışıram. Çalışırıq ki, "Boluspor" öncə pley-off mərhələsinə düşsün, daha sonra Super Liqa uğrunda mübarizə aparaq. Necə alınacağını zaman göstərəcək.