“Düşünürəm ki, “Lex”ə püşkatmada mümkün rəqiblərdən ən çətini düşdü”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak bu komandanın Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”ə rəqib olması barədə danışarkən deyib.
Hazırda ölkəsində Plotsk “Visla”sının formasını geyinən Polşa millisinin sabiq müdafiəçisi Poznan təmsilçisinin işinin çətin olacağını düşünür. Ancaq o, həmyerlilərinin rəqibdən çəkinməməli olduğunu da vurğulayıb: “Püşkdə “Lex”in bəxti gətirmədi. Nisbətən zəif komanda ilə düşmək olardı. Onları bu mərhələdə çox çətin sınaq gözləyir. Ancaq “Lex” Çempionlar Liqasının, Avropa Liqasının və ya Konfrans Liqasının qrup mərhələsində oynamaq haqda fikirləşirsə, “Qarabağ” kimi komandadan qorxmamalıdır”.
Qeyd edək ki, “Lex”lə “Qarabağ” arasında sabah Poznan stadionunda keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü iyulun 12-də Bakıda olacaq.