"Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram"
23.01.2024 - 20:20
"Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram"

"Gərgin və çətin oyun idi. İlk oyun, Qəbələ səfəri.... Bura tez adaptasiya olmaq olmur. Əsas odur ki, yaxşı nəticə ilə qayıdırıq. Bu qələbə qarşıdakı matçlarımıza da təsir edəcək. Motivasiyanın yaxşı olması vacibdir. Qələbə bizə stimul verir. Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram. Futbolçulara təşəkkür edirəm".

Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 19-cu turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Abu Dossonu sizə aqressiv cavab verdiyi üçün əvəzlədiz?

- Aqressiv cavab vermədi. Onu dəyişməyimin səbəbi oyunu idi. Onun daha ürəkli olmasını istəyirdim. Düşünürdüm ki, qarşısındakı oyunçudan daha üstün olar. Bütün futbolçular meydanda ürəyini qoymalıdır. Asan oyunlar olmayacaq. Özünüz görürsüz ki, çempionat necə gərgin keçir. İntizamı qorumaq önəmli idi. Futbolçular da bunu düzgün etdilər.

- Transfer etməmisiz. Komanda bunun əziyyətini çəkəcək?

- Çəkəcəyik. Aşağı pillələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq. Bu gün sistemi dəyişməyimin səbəbi də sırf heyətlə bağlıdır. Danışıq apardığımız oyunçular var. Amma hələ ki, onları gətirə bilməmişik.

- Hakimin rəqib qapısına verdiyi penalti ilə bağlı fikriniz necədir?

- Matçdan sonra rəqib oyunçudan soruşdum. Dedi ki, mən də görmədim epizodu. Öz futbolçumdan ona görə soruşmadım ki, bizim xeyrimizə danışacaqdı. Mən də epizodu görməmişəm. Amma xoş olan odur ki. hakim dərhal qərar verdi, saatlarla VAR-a baxmadı.

writer photo
Əlirza Əlirzalı
0