Yığmamız Fransa və İordaniya ilə hazırlıq keçəcək
05.04.2023 - 15:29
Yığmamız Fransa və İordaniya ilə hazırlıq keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstana yollanıb. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında yığmanın 15 idmançısı Sofiyada təlim-məşq toplanışına qatılacaq.

Hazırlıqda Tural Sarıyev (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edəcəklər.

Yığmamız Bolqarıstanda toplanışı ev sahibləri, Moldova, Fransa, İordaniya və Rumıniya milliləri ilə birgə keçəcək. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub. 

Bu gün start götürəcək hazırlıq aprelin 23-dək davam edəcək.

Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq məqsədi daşıyır. Mundial mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə olacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0