“Mahirin son oyunlarda iştirak etməməsi bizi üzür”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığmanın hücumçusu Mahir Emrelinin klubu Zaqreb “Dinamo”sunda az oyun keçirməsinə münasibət bildirərkən deyib.
Mütəxəssisin fikrincə, 25 yaşlı forvard “Dinamo”da yalnız məşqlə inkişaf edə bilməz. O, Emrelinin komandasını dəyişmək variantını nəzərdən keçirməsinin doğru addım olacağını düşünür: “İstənilən futbolçunun müntəzəm oynaması ən vacib amildir. Şəhərdə axırıncı olmaqdansa, kənddə birinci olmaq yaxşıdır. Adlı-sanlı klubda ehtiyatda oturmaqdansa, hansısa başqa komandada daim meydanda olmaq önəmlidir. Mahir indi gələcəyini özü düşünməlidir. Klub da gətirdiyi futbolçunu oynatmaqda maraqlı olmalıdır. Kənarda qaldıqca formadan düşür. Məncə, Mahir növbəti aylarda öz gələcəyi barədə düşünməlidir”.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Dinamo”nun heyətində bütün turnirlərdə 9 oyun keçirib, 1 qol vurub.