Zanetti Bakıya gəlməyəcək - FOTO
25.04.2023 - 23:53
Zanetti Bakıya gəlməyəcək - FOTO

Argentina millisinin və Milan "İnter"inin əfsanəvi sabiq futbolçusu Xavyer Zanetti Bakıya səfər etməyəcək.

Bu barədə apasport.az saytına açıqlamasında "İnter" klubunun Azərbaycan üzrə fanklub nümayəndəsi Ruslan Şirinov deyib.

O bildirib ki, Xavyer Zanettinin Gürcüstana gəlişi mətbuatda səhvən onun Azərbaycana da ziyarət edəcəyi kimi anlaşılıb: "Orada "İnter"in Futbol Akademiyası fəaliyyət göstərir. Paylaşım italyan dilində olduğundan, çox adam bunu səhv anlayıb. Zanetti Tbilisiyə məhz həmin akademiya üçün gedib. Bizim fanklubdan da Timur Hüseynov öz hesabına ora gedib, Zanetti ilə görüşüb, avtoqraf alıb. Amma hazırda Azərbaycanda "İnter"in akademiyası fəaliyyət göstərmir. Yaxın gələcəkdə belə bir şey olarsa, onun da Azərbaycana gəlişi mümkündür".

Qeyd edək ki, 49 yaşlı Xavyer Zanetti həmin paylaşımında bunları qeyd edib: "Gürcüstanın paytaxtı Tbilisiyə gözəl səfər. Dünən 500-dən çox uşağın məşq keçdiyi Gürcüstandakı "İnter"in Akademiyasına getdim, qədim paytaxt Mtsxetanı ziyarət etdim, şam yeməyində oldum. Bu səhər isə Ermənistan, Azərbaycan və Gürcüstanın "İnter" fanklub üzvləri ilə görüş oldu və nəhayət, İtaliyanın Tbilisidəki səfiri Enriko Valvo ilə nahar etdim. SEVGİYƏ GÖRƏ HAMIYA TƏŞƏKKÜR EDİRƏM".

writer photo
Əlirza Əlirzalı
0