“Zirə”nin legioneri Stefan Akka apasport.az saytına müsahibə verib.
- “Zirə” “Səbail”lə görüşdə qələbə qazanmağı bacardı. Matçla bağlı fikrin necədir?
- Bu oyun bizim üçün vacib idi. Yaxşı oynadığımızı düşünürəm. Qələbəyə də layiq idik. Vacib qalibiyyət idi. Hər halda, cavab oyunundan öncə yaxşı qələbə oldu.
- 2:1 hesablı qələbə “Zirə”ni növbəti mərhələyə nə qədər yaxınlaşdırır?
- Hesabda azca üstünlüyümüz var. Amma diqqətimizi cəmləməli və ilk oyundakı kimi, hətta, daha da yaxşı oynamalıyıq. Çünki biz ikinci hissədə qapımız qarşısında bir neçə epizod qaçırdıq. Halbuki, onları etməməliydik.
- Ölkə kubokunu qazansanız Avropa Liqasına, ölkə çempionatında isə mükafatçılar sırasına düşsəniz, Konfrans Liqasına yollanacaqsınız. Sizin üçün hansı dəyərlidir?
- Kubokda yol qısa olur. Çünki növbəti mərhələni keçsək, yarımfinal və final şansımız var. Ancaq Premyer Liqa da bizim üçün vacibdir. Ona görə də, hər iki turnirdə mübarizə aparacağıq. Baxaq, görək hər iki turnirdə hara qədər gedə bilərik. Bütün oyunlarda ən yaxşı üçün oynayacağıq.
- “Zirə” 7 oyun idi ki, qol vura bilmirdi, qalib gələ bilmirdi. “Səbail” üzərində qazandığınız qələbə sizə böyük motivasiya verəcək?
- Əlbəttə, bu oyundakı qələbə bizə motivasiya və xoşbəxtlik verdi. Çünki uzun müddət idi, qalib gələ bilmirdik. Amma biz artıq qarşıdakı görüşə hazırlaşacağıq.
- Hakimlər sizi çox narahat edir? Çünki baş məşqçiniz hakimlərdən çox narazı idi...
- Elədir, narahat edir. Çünki hakimlər matçlarda bizə qarşı çox səhvlər buraxmışdı. Hər halda, biz oyunlarımıza fokuslanırıq.
- Növbəti matçda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun haqqında nə düşünürsən? Səncə, onları məğlub edə biləcəksiz?
- Bu hər iki komanda üçün vacib matç olacaq. Çünki əvvəlki oyunda da uduzmuşuq. Hər şeyi edəcəyik ki, bu matçda qələbə qazanaq. Premyer Liqadakı mövqeyimizi qorumaq üçün “Qəbələ” ilə görüşdə əlimizdən gələni edəcəyik. Asan olmayacağı isə bəllidir.
- Premyer Liqada son turda, “Sabah”la oyunun son dəqiqələrində qapınıza penalti təyin olundu. Vəziyyətin bu həddə çatmasını necə təsvir edərdin?
- Bu, əsl şok idi. Çünki rəqibin qapısına korner təyin edilməli idi. Amma baş hakim topu “Sabah”a verdi və onlar əks-hücuma çıxdı. Baş hakim bizə qarşı böyük səhvə yol verdi.
- Həm penaltidən əvvəl, həm də penalti zamanı hakimə etiraz edirdin. Orada əsas etirazın nə idi? Ona künc zərbəsi olduğunu söylədin?
- Baş hakimə dedim ki, səhv etdiyini görəcəksən və səhvin də bizə baha başa gələcək. Öncə künc zərbəsini vermədi, daha sonra qapımıza penalti təyin etdi. Künc zərbəsi yoxdursa, onda oyunu bitirmək lazım idi. Çünki artıq matç başa çatmışdı. Amma ilk növbədə künc zərbəsi təyin edilməli idi. Hətta, “Sabah”ın futbolçusu da mənə dedi ki, künc zərbəsidir.