Çempionlar Liqasının qrup mərhələsinin son turu daha bir proqnozsevərin zənginləşməsi ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, bu dəfə “William Hill”in müştərisi böyük uduşa sevinib.
Better 4 oyuna mərc edib. Cəmi 1,5 funt sterlinqi (2,91 manat) risk edən proqnozsevər bu görüşlərin dəqiq hesabını təxmin edib.
“Liverpul” – “Napoli”: 2:0
“Marsel” – “Tottenhem”: 1:2
“Bavariya” – “İnter”: 2:0
“Reyncers” - “Ayaks”: 1:3
Bu ekspress kupon betterə əsəb gərginliyi yaşadıb. “Bavariya”nın “İnter”ə 2 qol vurması asanlıqla qeydə alınıbsa, digər üç görüşdə proqnozsevər dramatik dəqiqələr yaşayıb.
Hakimin final fitinə 3 dəqiqə qalmış “Liverpul” 1:0 hesablı qələbə ilə kifayətlənmiş kimi görünürdü. Həmin vaxt “Ayaks” 2:0 hesabı ilə öndə idisə, “Tottenhem” tarazlığı (1:1) xeyrinə dəyişməyə çalışırdı. Bir sözlə, betterə uzatmaları saymasaq, 3 dəqiqədə 4 qol lazım idi.
87-ci dəqiqədə Ceyms Tavernye penalti ilə “Reyncers” azarkeşləri ilə yanaşı proqnozsevəri də ayağa qaldırıb. Artıq hər qarşılaşmada bir qol gözləmək lazım gəlirdi.
89-cu dəqiqədə Fransisiko Konseysaonun “Ayaks”ın matçdakı son qoluna imza atmaqla ümidləri artırır. 90+5-ci dəqiqədə Pyer Hoybyerq “Tottenhem”ə qələbə gətirməklə kuponu uduşa yaxınlaşdırıb. Ümidi tükənən better artıq 1,5 funtu ilə vidalaşmaqla da barışmışdı.
Amma Darvin Nunyes onun məyusluğuna imkan verməyib. Uruqvaylı futbolçu “Liverpul”un ikinci qolunu 90+8-ci dəqiqədə vuranda nə Yurgen Klopp, nə Nunyesin özü, nə də komanda yoldaşları proqnozsevər qədər sevinə bilməzdi.
Çünki bu qolla gələn nəticə 4 oyunluq kuponu uduşlu etmişdi. Yekunda “William Hill”in müştərisi nə az, nə çox 30 min 564,75 funt sterlinq (59 min 317,01 manat) uduşa sahib çıxıb.