Ukrayna yığması bu gün Millətlər Liqasında mübarizəyə qoşulacaq.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-yə vəsiqə şansını pley-offun finalında Uelsə məğlub olaraq qaçıran Aleksandr Petrakovun kollektivi Dublində İrlandiyanın qonağı olacaq.
2002-2004-cü illərdə Ukrayna çempionatında “Volın”ın şərəfini qorumuş Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev onun üçün doğma olan ölkənin komandasının indiki durumunu dəyərləndirib. Hazırda U-21 yığmamıza rəhbərlik edən 43 yaşlı mütəxəssis Rusiya ilə yaşanan hərbi gərginliyin ukraynalı futbolçulara da təsirsiz ötüşməyəcəyini düşünür.
Bütün problemlərə baxmayaraq, Əliyev Ukrayna millisindən səfər qələbəsi gözləyir:
“Ukrayna futbol ənənəsi olan ölkədir. Keçmiş SSRİ dönəmindən orada həmişə istedadlı futbolçular yetişib. Üç futbolçusu “Qızıl top” alan ölkədən söz açırıq. Ancaq indi çətin dönəm yaşayırlar, müharibə gedir. Uelsə son məğlubiyyət də psixoloji sarsıntı yaşada bilər. Yenə də çətin dönəmdə toparlanacaqlarına inanıram.
Nə qədər istəsən də, müharibənin psixoloji təsiri olur. Ölkəsində hər gün insanların ölməsi, sürgün olması futbolçunu sarsıtmaya bilməz. Çünki çətin durumda olanlar arasında həmin oyunçuların yaxınları, tanışları da olur. Buna baxmayaraq, Şotlandiya və Uelsə qarşı fədakarlıq edərək gözəl oyun göstərdilərsə, onlara ancaq alqış düşür.
İrlandiya yığması barədə isə elə çox məlumatım yoxdur. Amma klub səviyyəsində olmasa da, milliləri həmişə yaxşı olub. Oyunçuları İngiltərədə çıxış edirsə, deməli, onları yığması zəif ola bilməz. Düzdür, qrupdakı ilk matçda məğlub oldular. Ancaq futbolda belə gözlənilməz nəticələr olur.
Azərbaycanda da Ukraynanı dəstəkləyən azarkeş çoxdur. Mən də onlara azarkeşlik edəcəyəm, onlardan qələbə gözləyirəm. Ukrayna xalqının da buna ehtiyacı var”.