Son iki həftədə müxtəlif güləş zallarına baş çəkən Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri Astarada olublar.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Olimpiya və 3 qat Avropa çempionu, İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, dünya üçüncüsü, U-20 millisinin məşqçisi Əşrəf Əliyev yerli məşqçilər və idmançılarla görüşüblər.
Onlar kompleksin direktoru Aslan Ağayevlə bu regionda güləşin inkişaf perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, gələn il Azərbaycan güləş tarixində ilk dəfə U-17 Azərbaycan çempionatının məhz Astara Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılır.
AGF Astara Olimpiya İdman Kompleksini zəruri inventarla təmin edib. Hazırda kompleksdə 100-dən artıq oğlan və qız müxtəlif yaş qrupları üzrə 4 məşqçinin rəhbərliyi altında sərbəst güləşlə məşğul olurlar. Sevindirici haldır ki, Astarada qadın güləşinə maraq gündən-günə artır. Təsadüfi deyil ki, bu məktəbin yetirmələri - Nuray Cəfərli və Gülbacı Cavadova bu il ilk dəfə qadın güləşinin yer aldığı U-15 Azərbaycan çempionatında 42 kq-da finala yüksəliblər.
Bildirilib ki, Azərbaycan sərbəst güləşində Astara məktəbinin xüsusi çəkisi var. Bu güləş məktəbi Aslan Ağayev, Nadir Həmidov, Cəbrayıl Həsənov, Sona Əhmədli kimi titullu idmançıları yetişdirib. Hazırda milli komandanın üzvü olan Əliabbas Rzazadə, Əli Rəhimzadə, Ramik Heybətov və Musa Ağayev də bu məktəbin yetirməsidir.
AGF kəmiyyət və keyfiyyət artımını sürətləndirmək, güləşə daha çox maraq cəlb etmək üçün klub və cəmiyyətlərin, güləş mərkəzlərinin inventarla təminatını və metodiki dəstəyini davam etdirəcək.