Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan millisinin zədəli güləşçilərinin bərpa prosesi davam edir.
Apasport.az xəbər verir ki, sərbəst güləş üzrə yığmanın heyətində yalnız Əliabbas Rzazadə zədəlidir.
Sabah “Liv Bona Dea” hospitalında müayinədən keçəcək güləşçi ötən həftə Macarıstanda keçirilən reytinq turnirində zədələnib. 57 kq-da Paris-2024-ə lisenziya qazanan idmançının sol çiynindəki zədəsinin bərpa prosesi 10-15 gün çəkəcək. Əliabbasın müalicə ilə paralel olaraq fərdi məşqlərdə iştirakı gözlənilir.
Budapeştdəki yarışı zədə üzündən tamamlaya bilməyən Sənan Süleymanovla Ülvü Qənizadənin vəziyyəti də normaldır. Xroniki boyun zədəsinə görə ağrılar hiss edən Süleymanov Almaniyada qısamüddətli müayinədən keçdikdən sonra vətənə qayıdaraq Göygöl toplanışına qoşulacaq.
Ülvü ilə yanaşı, reytinq turnirində müəyyən zədələrə görə iştirak edə bilməyən Nihat Məmmədli, Rafiq Hüseynov və Sabah Şəriəti də iyunun 14-dən 26-dək Qərb bölgəsində baş tutacaq hazırlıq prosesində yer alacaq.