Kriştiano Ronaldo kimdir? Əfsanəvi qol maşını haqqında bilməli olduqlarımız
15.07.2024 - 12:50
Kriştiano Ronaldo kimdir? Əfsanəvi qol maşını haqqında bilməli olduqlarımız

Futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilən, qol sevinci ilə ikonikləşən, yalnız yaxşı futbolçu olmaqla kifayətlənməyib, xeyirxahlığı ilə də könülləri fəth edən Kriştiano Ronaldonu şübhəsiz, canlı əfsanə adlandırmaq olar.

Ronaldo neçə yaşındadır?

5 fevral 1985-ci ildə anadan olan Kriştiano Ronaldo hazırda 39 yaşındadır.

Ronaldo haralıdır?

Kriştiano Portuqaliyanın Madeyra bölgəsində anadan olub. Portuqaliya milli komandasının şərəfini qoruyur.

Kriştiano Ronaldo futbola necə başlayıb?

Portuqaliyalı əfsanənin futbola olan marağı hələ 8 yaşı olarkən anası tərəfindən kəşf edilib. Həmin illər atasının işçisi olduğu həvəskar komanda “Andorinya”da oynamağa başlayır. 1995-ci ildə “C.D. Nasional”a keçən istedad uğurlu çıxış etdiyi üçün “Sportinq Lissabon”dan dəvət alır. Ronaldo “Sportinq”in gən futbolçularının yetişdirildiyi “Alkoçete” məktəbinə qoşulur. Onun əsas macərası da bu vaxtdan etibarən başlayır.

Ronaldonun karyerası

2003-cü ilin yayında Lissabonda “Estadio Xose Alvalade” stadionunun açılış qarşılaşmasında “Sportinq Lissabon” “Mançester Yunayted”i məğlub edir. İngilislərin baş məşqçisi Aleks Ferqyusonun diqqətini çəkən əsas məqam Ronaldonun gözəl oyunu olur. Onun performansı tək baş məşqçini deyil, “Mançester Yunayted”in futbolçularını da ovsunlayır. Onlar Ferqyusondan Ronaldonun transferi üçün hərəkətə keçməsini istəyirlər. Beləliklə, Kriştiano “Mançester Yunayted”in ilk portuqaliyalı futbolçusu olur.

2009-cu ilin 11 iyununda “qırmızı şeytanlar” “Real Madrid” tərəfindən göndərilən 94 milyon avro dəyərində transfer təklifini futbolçunun öz istəyi ilə qəbul etdi. Onun Madriddəki təqdimat tədbirinə 80 mindən çox azarkeş axın etdi. Bununla 1984-cü ildə Maradonanın “Napoli”dəki təqdimat mərasimi üçün gəlmiş 75 minlik azarkeş sayı rekordu da qırılmış oldu. 9 nömrəli forma Ronaldoya əfsanəvi futbolçu Alfredo di Stefano tərəfindən təqdim edildi.

“Real Madrid”dən sonra portuqaliyalı “Yuventus” və “Mançester Yunayted”də oynadıqdan sonra Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəssr”in heyətinə qoşulub.

Kriştiano Portuqaliya milli komandası ilə 2016-cı ildə Avropa çempionluğunu qazanıb. 

Ronaldonun neçə övladı var?

Kriştiano həyatını Argentina doğumlu ispan model Georgina Rodrigezlə paylaşır. Ronaldonun bu birlikdəlikdən 2, əvvəlki münasibətlərindən də 3 olmaqla, ümumilikdə 5 övladı var. 

Ronaldonun uğurları

Portuqaliyalı ulduz 2007-ci ildə “İngiltərədə İlin Futbolçusu” və “İngiltərədə ilin gənc futbolçusu” seçilir. Beləcə, 1977-ci ildə ilk dəfə bunu bacaran Endi Qreyin uğurunu təkrarlamış olur. Aprel ayında “İngiltərədə Azarkeşlərin Oyunçusu” mükafatı da ona çatır. 2006-2007 mövsümündə Premyer Liqanın komandasına seçilən 7 “Mançester Yunayted” futbolçusundan biri olur.

2007-2008 mövsümündə Avropada “qızıl buts” mükafatının sahibi olmağı bacarır. 
2 dekabr 2008-ci ildə Ronaldo Corc Bestin 1968-ci ildə qazandığı “Qızıl top”dan sonra bu mükafatı qazanan ilk “Mançester Yunayted”li futbolçu olur. “Qırmızı şeytanlar” 19 dekabrda FİFA Klublararası Dünya Çempionatının qalibi olur. Turnirdə iki qol vuran Ronaldoya “Gümüş top” mükafatı verilir. 

Kriştiano 12 yanvar 2009-cu ildə “Dünyada İlin Futbolçusu” mükafatını qazanan ilk Premyer Liqa futbolçusu olur.  

Ronaldo 2013, 2014, 2016 və 2017-ci illərdə də “Qızıl top” mükafatına layiq görülüb. 

Kriştiano Ronaldo ümumilikdə 3 dəfə “FİFA Dünyada İlin Futbolçusu”, 4 dəfə “UEFA İlin Futbolçusu”, 13 dəfə də oynadığı ölkələrdə ilin futbolçusu adına layiq görülüb. 1 dəfə FİFA “Puşkaş mükafatı”nın qalibi olub. Bunlardan əlavə, oynadığı liqalar üzrə saysız-hesabsız titulların sahibi olub.

Ronaldo neçə qol vurub?

Portuqaliyalı canlı əfsanə klub və ölkə karyerası ərzində indiyə qədər 1200-dən çox oyunda meydana çıxıb, 895 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0