“El Klasiko”: “Real” revanş, “Barselona” tarazlıq arzusunda
05.04.2023 - 13:32
“El Klasiko”: “Real” revanş, “Barselona” tarazlıq arzusunda

Bu gün İspaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, “Osasuna”nın finaldakı rəqibi “El Klasiko”da müəyyənləşəcək.

Səfərdə 1:0 hesabı ilə qalib gələn “Barselona” “Real”ı öz meydanında sınağa çəkəcək. Eder Militaonun avtoqolu ilə uduzan madridlilər Kataloniyaya revanş arzusu ilə yollanıb.

Barselonanın eyniadlı təmsilçisi həm finala vəsiqə, həm də tarixi rəqabətdə tarazlıq yaratmaq üçün mübarizə aparacaq. Rəsmi turnirlərdəki “El Klasiko”larda “Real”ın qələbə sayındakı üstünlüyü minimaldır.

Düzdür, meydan sahiblərinin qalibiyyəti bu göstəricini bərabərləşdirəcək. Amma mütləq tarazlıq üçün “Barselona” 5 top fərqi ilə üstün olmalıdır. Onda həm qələbə, həm qol sayı bərabərləşəcək.

Bütün turnirlərdəki “El Klasiko”
Oyun – 253
“Real”ın qələbəsi – 101
“Barselona”nın qələbəsi – 100
Heç-heçə - 52
“Real”ın qolları – 420
“Barselona”nın qolları - 415

Bu matçlardan 186-sı La Liqa, 16-sı Superkubok, 8-i Çempionlar Liqası, 6-sı Liqa kuboku, 1-i Koronasiya kubokunda baş tutubsa, kubokda 36 duel keçirilib. 37-ci “El Klasiko” öncəsi “Barselona”nın üstünlüyü nəzərəçarpandır.

İspaniya kubokundakı “El Klasiko”
Oyun – 36
“Real”ın qələbəsi – 12
“Barselona”nın qələbəsi – 16
Heç-heçə - 8
“Real”ın qolları – 65
“Barselona”nın qolları – 68

İspaniya futbolunun iki ən nəhəng klubu dəfələrlə yoxlama oyunları və müxtəlif qeyri-rəsmi turnirlərdə də üz-üzə gəlib. İndiyədək 34 belə qarşılaşma baş tutub. Bu görüşləri də saysaq, tarix ərzində 287 “El Klasiko” təşkil olunub. Burada böyük üstünlüyə malik “Barselona” bu gün vurulacaq ilk qolla 500-cü dəfə rəqib qapısına yol tapa bilər.

Tarixin bütün “El Klasiko”ları
Oyun – 287
“Real”ın qələbəsi – 105
“Barselona”nın qələbəsi – 120
Heç-heçə - 62
“Real”ın qolları – 463
“Barselona”nın qolları – 499
Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İki dəfə La Liqada üz-üzə gələn rəqiblər Superkubok və kubokda bir dəfə görüşüb. 2023-cü ildə hər turnirin bir matçında “Barselona” qalib gəlib. Ardıcıl 3 məğlubiyyət alan Madrid klubu sonuncu dəfə ötən il – mövsümün ilk “El Klasiko”sunda sevinib. Lakin paytaxt təmsilçisi son 9 qarşılaşmada qapısından qol buraxıb.

Son 10 “El Klasiko”
01.03.2020. La Liqa. “Real” – “Barselona” – 2:0
24.10.2020. La Liqa. “Barselona” – “Real” – 1:3
10.04.2021 La Liqa. “Real” – “Barselona” – 2:1
24.10.2021. La Liqa. “Barselona” – “Real” – 1:2
12.01.2022. Superkubok. “Barselona” – “Real” – 2:3, əlavə vaxtda
20.03.2022. La Liqa. “Real” – “Barselona” – 0:4
16.10.2022. La Liqa. “Real” – “Barselona” – 3:1
15.01.2023. Superkubok. “Real” - “Barselona” – 1:3
02.03.2023. Kubok. “Real” – “Barselona” – 0:1
19.03.2023. La Liqa. “Barselona” – “Real” – 2:1

writer photo
Əlirza Əlirzalı
0