Dekabr 15-də voleybol üzrə 2022/2023 illər mövsümünə start veriləcək.
Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, mövsüm kişi voleybolçular arasında Yüksək Liqanın debütant klubu olan “Xarı bülbül” və MOİK komandalarının oyunu ilə başlayacaq. Görüş saat 14:00-da start götürəcək.
Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi təşkil olunacaq.
Ötən illərdən fərqli, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi”, “Murov” və mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək “Xarı bülbül” qüvvəsini sınayacaq.
Hər iki çempionat 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
Çempionatların açılış mərasimi və oyunlar “Voleybol Mərkəzi”də keçiriləcək.
Dekabrda, həmçinin qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.
Qeyd edək ki, həmin gün kişi voleybolçulardan ibarət "Murov" klubunun avrokubok matçı da baş tutacaq. Saat 18:00-da başlanacaq bu qarşılaşmada rəqib Niderlandın "Orion" kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olub.
15 dekabr
Azərbaycan çempionatı Yüksək liqa (kişilər)
14:00. “Xarı bülbül” - MOİK (I tur)
16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi
Çelenc kubokunun 1/8 final mərhələsi
18:00. “Murov” - “Orion”