Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə görüş keçirilib
21.07.2024 - 23:30
Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə görüş keçirilib

Gəncə İdman Sarayında Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə hesabat xarakterli görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Gəncə Regional Voleybol Klubunun təsisçisi və rəhbəri Pərviz Qədirov, Gəncə Voleybol Klubunun prezidenti Elvar Osmanov, “Rövşən Oğuz Qrup” MMC-nin direktoru Hafiz Mustafayev və digər rəsmilər iştirak ediblər.

Əvvəlcə Gəncə Regional Voleybol Klubunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra rəsmilər qızlardan və oğlanlardan ibarət komandaların məşq prosesini, tədbirin davamında isə komandalar arasında təşkil olunan oyunu izləyiblər.

Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə görüşən rəsmilər, ölkəmizdə voleybol idman növünün kütləviliyinin artırılması və inkişafı istiqamətində görülən işlərdən danışıb, gənc idmançılara tövsiyələr verib və onlara uğurlar arzulayıblar.

Görüşün sonunda Gəncə Regional Voleybol Klubunu və Gəncə Voleybol Klubunun yeniyetmə oyunçuları ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, məşq toplanışında Gəncə Regional Voleybol Klubunu əhatə edən şəhər və rayonlardan 20-si oğlan, 40-ı qız olamaqla, ümumilikdə 60 yeniyetmə voleybolçu iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0