Rusiyada proqnoz həvəskarı arzulamadığı halla üzləşib.
Apasport.az saytının məlumatına görə, 11 futbol, 2 hokkey oyunundan ibarət kupon yazan həmin şəxs qazanc götürsə də, sona qədər səbir etmədiyi üçün peşman olub.
Məsələ burasındadır ki, 13 görüşdən 11-ni doğru təxmin edən proqnozsevər son iki görüşü gözləməyib. O, riskə girməyib və bukmeker kontorun təklif etdiyi məbləğə kuponu satıb. 14136.18 əmsala 60 rubl (1 manat 90 qəpik) qoyuluş edən oyunçunun qazancı 147 min 645 rubl (4680 manat) olub.
Lakin bir neçə saat sonra baş tutan digər iki qarşılaşmanın da nəticəsi müştərinin proqnozlaşdırdığı kimi olub. Bu da onu peşman edib. Çünki kuponu satmasaydı, 848 min 171 rubl (26 min 887 manat) qazanacaqdı.
Bir sözlə, kuponda oyunların bitməsini gözləməyən proqnozsevər 22 min manatdan çox pul itirməsinə üzülüb.