Leonardo Bonuççinin karyerası təhlükə altındadır.
Apasport.az xəbər verir ki, “Union Berlin” klubunun şərəfini qoruyan veteran müdafiəçi futboldan uzaqlaşdırılma təhlükəsi ilə üz-üzədir.
Məsələ burasındadır ki, keçmiş “Yuventus”lu Nikolo Faqiolinin qanunsuz mərc oyunlarında iştirakını bildiyi halda məlumatı gizlətməkdə günahlandırılır. Polis Faqiolinin telefonunu yoxladıqdan sonra Bonuççinin 22 yaşlı italyan futbolçunun mərcindən xəbərdar olduğunu aşkar edib. İtaliya qanunlarına görə, oyunçular bu cür məlumatı Federal Prokurorluğa bildirməlidirlər, Bonuççi isə bunu etməyib. İndi 36 yaşlı mərkəz müdafiəçisi altı aylıq diskvalifikasiya ilə üzləşə bilər.
Qeyd edək ki, Faqioli qanunsuz platformalarda mərc oynadığı üçün istintaq altındadır. "Yuventus"un yarımmüdafiəçisi futbola mərc etdiyini etiraf edib. Lakin italiyalının sözlərinə görə, o, heç vaxt çıxış etdiyi klubların matçlarına pul yatırmayıb. Məlum səbəbdən oyunçunu 3 ilədək futboldan uzaqlaşdırılma cəzası gözləyir.