İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon UEFA prezidenti mükafatına layiq görülüb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
UEFA prezidenti Aleksander Çeferin 2024-cü il üçün bu mükafatı məhz italiyalı sabiq qapıçıya verəcəyini açıqlayıb. Mükafat görkəmli nailiyyətləri, peşəkar mükəmməlliyi və nümunəvi şəxsi keyfiyyətləri ilə seçilən futbolçulara təqdim olunur.
28 illik karyeraya malik olan C.Buffon İtaliya millisinin tarixində ən çox oyun keçirən futbolçudur. O, həmçinin Avropada indiyə qədər ən çox oyun keçirən 4-cü futbolçudur.
2006-cı ildə dünya çempionatının qalibi olan qolkiper klub karyerası ərzində 10 dəfə (“Calciopoli” qalmaqalı səbəbindən 2004/2005, 2005/2006 mövsümü nəzərə alınmayıb) İtaliya çempionatının, UEFA Kubokunun (1999), 6 dəfə ölkə kubokunun və Liqa 1-in (2018/2019) qalibi olub.
Mükafat qapıçıya avqustun 29-da baş tutacaq UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.
Qeyd edək ki, 1998-ci ildən təsis olunan UEFA-nın xüsusi mükafatı 2023-cü ildə Almaniya yığmasının sabiq futbolçusu Miroslav Klozeyə verilib.