Ötən mövsüm Türkiyə Superliqasının 37-ci həftəsində baş tutan "Qalatasaray"- "Fənərbaxça" derbisindən sonra baş verən hadisələrlə bağlı istintaq başa çatıb.
Apasport.az Türkiyə mediasına istinadla xəbər verir ki, prokurorluq "sarı-lacivərdlilər"in futbolçusu Ceyden Ostervolde və Mert Hakan Yandaş daxil olmaqla 5 şübhəlinin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.
İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Ostervolde və Mert Hakanla yanaşı, "Fənərbaxça"nın həkimi Ertuğrul Karanlık, İdarə Heyətinin üzvü Hulusi Belgü və sabiq baş məşqçi İsmail Kartalın oğlu Emre Kartal "şübhəli" qismində yer alıblar.
İstanbul 3-cü Asliye Cəza Məhkəməsinə göndərilən iddianamədə 5 şübhəlinin "qəsdən adam yaralama" və “idman meydançalarında iğtişaşlar törətmək və obyektlərə ziyan vurmaq” ittihamı ilə 2 il 3 aydan 6 il 9 aya qədər azadlıqdan məhrum edilmələri istənilib.
Qeyd edək ki, Türkiyə Superliqasının 37-ci turu çərçivəsində keçirilən "Qalatasaray"- "Fənərbaxça" (0:1) derbisindən sonra tərəflər arasında insident yaşanıb.