İngiltərə Futbol Assosiasiyası millinin futbolçularına və dünya çempionatı üçün Qətərə yollanacaq azarkeşlərinə davranış qaydaları ilə bağlı təlim keçir.
Apasport.az saytının məlumatına görə, həmçinin oyunçuların həyat yoldaşları da təlimatlandırılıb.
Onlara ictimai yerlərdə çox gülərüz olmamaq, yanlış məkanlarda selfi etməmək tövsiyə olunub. Yalnız evli cütlərlə intim davranış qaydaları barədə söhbətlər aparılıb. Yerli qanunların pozulması onların 7 ilə qədər həbsinə səbəb ola bilər.
İngilislərdən fərqli, Polşa Futbol Assosiasiyası belə bir təlimə ehtiyac duymur. Qurum burada məsuliyyəti futbolçuların və azarkeşlərin üzərinə atıb. Həmçinin polşalılar Qətərdə ingilis dilindən istifadə etməmək qərarına gəliblər.
Bundan başqa, Qətərdə ictimai yerlərdə spirtli içki içmək qadağan olunacaq. Yalnız azarkeşlərin pivə ala biləcəyi xüsusi pəncərələr fəaliyyət göstərəcək.
DÇ-2022 zamanı Qətərdəki qadağalar bunlar olacaq:
- İctimai yerlərdə spirtli içki qəbul etmək;
- Homoseksuallıq;
- Hökumət binalarının yanında şəkil çəkdirmək;
- Nalayiq davranış;
- Evlilikdən kənar cinsi əlaqə;
- Azan zamanı yüksək səslə musiqi səsləndirmək;
- Həddən artıq açıq-saçıq geyim;
- Alkoqol, narkotik, pornoqrafiya və ya donuz əti.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək davam edəcək.