“Barselona”nın prezidenti Joan Laporta komandanın Çempionlar Liqasında uğursuz çıxışına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, klub rəhbəri bunda hakimləri günahlandırıb.
Onun fikrincə, “Bavariya” və “İnter”lə görüşlərdə referilər yanlış qərarlarla diqqət çəkiblər: “Çətin qrupa düşsək də, “Bavariya”ya qarşı yaxşı oynadıq. VAR-dakı hakim Dembelenin epizodunda penalti təyin etmədi. Həmçinin Milanda da qalmaqal yaşandı. Hakimliyi bəyənmədik, göz qabağındadır, amma qol vursaydıq, bizim üçün daha asan olardı. UEFA-ya narahatlığımı bildirdim, amma geriyə dönüş yoxdur. Növbəti dəfə daha çox qol vurmalı olacağıq”.
Laporta artıq bütün diqqətlərini La Liqaya yönəldəcəklərini vurğulayıb: “İndi La Liqada mentaliteti dəyişməli, birincilik uğrunda mübarizəni davam etdirməliyik. Böyük ümidlər bəslədiyimiz böyük oyunçularımız var. Prioritet hədəf La Liqadır. Çempionlar Liqasında qrupdan çıxmaq çox çətindir”.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasında sona iki tur qalmış 4 xalla qrup üçüncüsüdür.