“Yuventus” “Marsel”in hücumçusu Arkadiuş Miliklə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqlar artıq müsbət şəkildə yekunlaşıb.
Önümüzdəki iki gün ərzində İtaliya klubu bu transferi rəsmən açıqlayacaq. Klublar arasında öncədən əldə edilən razılığa əsasən, Polşa millisinin forvardı bu mövsümü icarə əsasında turinlilərdə keçirəcək. Fransa klubu bundan 2 milyon avro qazanacaq. “Qoca sinyora” gələn ilin yayında 28 yaşlı oyunçunu 8 milyon avroya transfer etmək hüququna malik olacaq.
Miliklə heyətini gücləndirən “Yuve” “Barselona”nın forvardı Memfis Depaydan da vaz keçməyib. Lakin A seriyası təmsilçisi kataloniyalıların tələb etdiyi 10 milyon avronu ödəmək fikrində deyil. Klub rəhbərliyi transfer üçün maksimum 5-6 milyon avro ödəyə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Arkadiuş Milik ötən ilin yanvarından bu yaya qədər “Marsel”də icarə əsasında çıxış edib. Fransızlar yay fasiləsində onu “Napoli”dən alıb.