“Bugünkü qələbə münasibətilə "Qarabağ"ı təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram".
Apasport.az saytının məlumatına görə, bunu “Lex”in baş məşqçisi Conni van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçirilən səfər oyunu barədə danışarkən deyib.
Poznanda 1:0 hesablı qələbə qazanan Polşa təmsilçisi Bakıda darmadağın olaraq (1:5) Konfrans Liqasına yuvarlanıb.
Niderlandlı mütəxəssis qarşılaşmanın ardından fikrini bu sözlərlə davam etdirib: “Növbəti mərhələyə biz də keçə bilərdik. Bu gün heç nə bizim üçün uğurlu olmadı. İstisna olaraq ilk dəqiqədə vurduğumuz qolu qeyd edə bilərəm. Bu gün bizim üçün səhvlər axşamı oldu. Hakim də ən azı 3 epizodda ofsayd qeydə almadı. Bu da gedişata təsir etdi. Amma bu bəhanə olmamalıdır. "Qarabağ" ən azı keyfiyyətdə bizi üstələdi".
- "Qarabağ"ın 5:1 hesablı qələbəsini komandanızın üzərində şok effekti yaratdığını söyləmək olar?
- 1:5 hesabı daha acınacaqlı məğlubiyyətdir. Komandamızın təcrübəsində belə hesablı məğlubiyyət olmayıb. Polşa çempionatının oyunlarında da bunu görmək mümkün deyildi. Bir çox nüansları nəzərə almaq lazımdır. 5:1 hesabı sırf "Qarabağ"ın çox yüksək keyfiyyətdə oyun sərgiləməsi ilə bağlıdır.
- İlk oyundakı nəticədən sonra əksəriyyət hesab edirdi ki, məşqçi işi nəticəsində "Lex" qələbə qazandı. Bugünkü məğlubiyyətdə sizin nə dərəcədə səhviniz oldu?
- Məncə, hər hansı taktikadan və ya məşqçi səhvindən danışmaq istəməzdim. Ötən həftə tətbiq etdiyimiz taktikanı seçmişdik. Çünki bunu uğurlu hesab etmişdik. İlk dəqiqə qolu da bunu göstərdi. Amma "Qarabağ"ın yüksək səviyyəli oyunu matçın belə nəticələnməsinə yol açdı.
Ruslan Sadıqov