Şakira Jerar Pikedən ayrıldıqdan sonra növbəti mahnısını təqdim edib.
Apasport.az saytı xəbər verir ki, “TQG - Te Quedo Grande – Şakira” adlı treki 46 yaşlı kolumbiyalı müğənni həmyerlisi Karol G ilə birlikdə səsləndirib.
Tamamilə ayrılıq mövzusuna həsr olunan mahnıda Şakira keçmiş sevgilisi Pikeyə “atmaca”lar yollamağı unutmayıb.
Yaşadıqlarını unutduğunu və xoşbəxt olduğunu deyən müğənni futbolçuya ismarışında deyir: “Bala, nə olub? Aşiq deyilsən? Səhvləri təkrarlamadığımı bilirsənsə, niyə yenə məni axtarırsan? Yeni körpənizə de ki, mən kişilər üçün döyüşmürəm”.
Bu, Şakiranın Pikedən ayrıldıqdan sonra oxuduğu ikinci mahnıdır. Böyük səs-küyə səbəb olan ilk trekdə müğənni “Barselona”nın keçmiş futbolçusunun xəyanətinə “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin” deyə münasibət bildirmişdi.
Qeyd edək ki, Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilirdi.