Xabi Alonso: "Bəxtimiz gətirdi"
08.03.2024 - 00:57
Xabi Alonso: "Bəxtimiz gətirdi"

"Çalışacağıq ki, ikinci yarıdakı matçı cavab görüşündə də meydanda göstərək. Bilirdim ki, bizi çətin rəqib gözləyir. Güclü “Qarabağ”ı gördük. Ona görə də çətin oyun oldu. Bilmirəm gələn həftə necə olacaq. Qarşımızda güclü komanda var idi".

Apasport.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la oyunundan sonra mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qurban Qurbanovla dostluğunuz sanki hesabda da əksini tapdı..

- Bunun heç bir təsiri olmadı. Çünki oyuna təsiri oyunçular göstərir. Onları oyuna hazırlamağa çalışırıq.

- Bu gün uduzsaydınız məğlubiyyətsiz seriyanız qırılacaqdı. Çox üzüləcəkdiz?

- Mən buna çox fokuslanmıram. Mənim üçün əsas olan komandanın yaxşı oyunudur. İlk məğlubiyyət olsa belə, bu ab-havanın komandada qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayan nəticəni düzəltdik.

- Sizcə, “Qarabağ”ın bəxti gətirmədi, sizin bəxtiniz gətirdi?

- Bəli, razıyam. Bizim bəxtimiz gətirdi ki, 2:2 etdik. “Qarabağ”ın bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda şanslar 50/50-dir.

- “Qarabağ”a qədər Azərbaycan futbolu haqda nə eşitmişdiz, nə bilirdiz?

- Qurban Qurbanovun təcrübəsi çoxdur. "Qarabağ"ın "Atletik"ə qarşı ÇL-dəki oyunlarını da xatırlayıram. Qurban Qurbanovu komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür.

- İlk dəqiqələrdən əsas heyətin əksər oyunçularını meydana buraxmamışdınız. Bu nə ilə bağlıdır? Fasilədən sonra meydana çıxanlar “Bayer”i məğlubiyyətdən xilas etdi...

- Mən hər bir oyunçuma inanıram. Bugünkü heyətin də “Qarabağ”ı uda biləcəyini düşünürdüm. Hər bir məşqçi üçün ehtiyat skamya da vacibdir. Şadam ki, onlar meydana çıxaraq komandanın qollarını vurdular.

- Bu "Bayer"in ən zəif birinci hissə idi. Fasilədə futbolçulara nə dediz?

- Bura Bundesliqa oyunu deyildi, pley-off oyunu idi. İlk yarı ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq. 

- "Qarabağ"la üç oyun oynamısız. Sizcə, "Qarabağ"ın hansısa futbolçusu top liqalarda oynayacaq potensiala malikdir?

- Çox yaxşı, keyfiyyətli oyunçular var. Bəziləri Bundesliqada oynaya bilər. "Qarabağ"ın özü də Bundesliqada oynaya bilər. Amma oyunçuların adını isə çəkmək istəmirəm.

- Çox qol şanslarınız olmadı, ilk qolda da Abdullah Zubir sizə kömək etdi. Niyə son matçlarda çox qol şansları yarada bilmirsiz?

- Bunu analiz edəcəyik. Topu üçüncü zonaya çatdırmaq bizdə alınmırdı. Səhvləri düzəltməyə çalışacağıq. 

writer photo
Əlirza Əlirzalı
0