Uzun illər “Neftçi” formasını geyinin Erik Fabian Ramos apasport.az saytına müsahibə verib. O, “ağ-qaralar”ın ölkə kubokunun ilk oyununda evdə “Qarabağ”a məğlubiyyətini şərh edib.
- "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Qarabağ"a 0:4 hesabı ilə uduzdu. Hesab hətta daha böyük ola bilərdi. “Neftçi”nin indiki durumuna üzülürsən?
- Bu nəticə və hazırkı durum “Neftçi”ni sevən hər kəsi narahat edir. “Qarabağ”la oyunun çox çətin olacağını bilirdim. Nəticə üzücüdür. Məncə, “Qarabağ” “Neftçi”yə qarşı müdafiədə oynamalı idi. Əslində, belə də oldu, amma təəssüf ki, nəticə yaxşı olmadı.
- Ümumiyyətlə, "Neftçi" son vaxtlar "Qarabağ"la matçlarda qalib gələ bilmir. “Neftçi”nin “Qarabağ”la görüşlərdə uğursuzluğunu nə ilə əlaqələndirirsən?
- İllərdir ki, “Qarabağ”ın üstünlüyü var. Mənim vaxtımda da onlara qarşı müsbət nəticə əldə etmək onsuz da çox çətin idi. Ancaq 10 ildən çoxdur ki, “Neftçi” “Qarabağ”a qarşı mübarizə aparmaq üçün çarə tapa bilmir.
- Ümumiyyətlə, “Neftçi”nin “Qarabağ”a qarşı seçdiyi oyun sistemi düzgün idi? “Qarabağ”a qarşı daha fərqli oynamaq olar?
- Məncə, erkən qol həlledici oldu. Düşünürəm ki, bu qoldan sonra “Neftçi” nizamsızlaşdı. “Qarabağ” isə boşluqları gördüyü zaman ölümcül olur. Hər halda, nəticəyə təsir edən bunlar oldu.
- “Neftçi”də oynadığınız zaman “Qarabağ”a qarşı keçirdiyiniz oyunları necə xatırlayırsan?
- 2012-2013-cü illərdə biz hələ də “Qarabağ”a qarşı yaxşı mübarizə aparırdıq. Çox görkəmli matçlar idi. Əsl klassika olurdu. Hər iki komanda üçün yüksək fiziki güc tələb edən, hər iki komanda üçün müsbət nəticələnən görüşlər idi. Lakin sonradan “Neftçi” üçün çox çətin oldu, bu kluba böhran gəldi. Sonradan da “Neftçi” “Qarabağ”la rəqabət apara bilmirdi. Hətta kubokun finalında 2 dəfə uduzduq.
- “Qarabağ”la "Neftçi" arasında cavab qarşılaşması var. Yəqin ki, “Neftçi” üçün möcüzə etmək real deyil?
- Çox çətindir. Praktiki olaraq, “Neftçi”nin “Qarabağ”la cavab görüşündə geridönüş etməsi mümkünsüzdür. Çünki 4:0 böyük nəticədir.
- “Neftçi” mövsümü ən yaxşı halda ikinci pillədə başa vursa, uğur sayılacaq? Bu baş verməsə, avrokuboklardan uzaq qalsalar, ona nə ad verə bilərik?
- Mövsümü titulsuz başa vurmağın özü onsuz da, böyük komanda üçün uğursuzluqdur. Avrokuboklara yollanmaq isə bəziləri üçün təsəllidir. Ümid edək ki, hər şey “Neftçi” üçün yaxşı alınacaq. Hər halda, bu komandada uzun illər oynamışam və mənim üçün çox dəyərli klubdur.