DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə səfər matçı Canni de Byazinin Azərbaycan millisinin sükanı arxasında 15-ci oyunu olub.
Apasport.az saytının məlumatına görə, yığmamız Dublində 1:1 hesablı heç-heçə etməklə italiyalı mütəxəssislə 5-ci bərabərliyinə imza atıb.
Komandamız digər matçların 2-də qələbə qazanıb, 8-də məğlub olub. De Byazinin rəhbərliyi altında 9-cu qolu vuran komandamız 16-cı dəfə mərkəzə dəvət edilib. Geridə qalan 15 matçın 10-u seçmə mərhələlərə təsadüf edib. Həmin rəsmi görüşlərin 1-də qələbə qazanıb, 5-də uduzan yığma 4-cü dəfə rəqibi ilə sülh bağlayıb. Rəsmi oyunlardakı top fərqi də əleyhimizədir – 5:10.
Ümumilikdə isə Azərbaycan millisi tarixinin 271-ci sınağında 74-cü bərabərliyinə imza atıb. Komandamızın 51 qələbəsi, 146 məğlubiyyəti var. İndiyə qədər 201 qol vuran yığma 448 dəfə topu tordan çıxarıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliya ilə keçirəcək.