“5 dəqiqə imkan vermədi ki, oyunçu meydana daxil olsun” – Elmar Baxşıyev
03.05.2021 - 22:55
“5 dəqiqə imkan vermədi ki, oyunçu meydana daxil olsun” – Elmar Baxşıyev

“Çətin, ağır oyun olacağını bilirdik. Çünki həm meydan süni örtüklüdür, həm də “Səbail” müdafiəyəmeyilli komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXV turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis paytaxtda 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Yenə fərqli hissələr oynadıq. İlk yarıda qurduğumuz hücumlar məni məmnun etdi. Amma ikinci hissədə lazımsız qırmızı vərəqə ilə oyun ritmindən qopduq. İtiriləsi heç nə yoxdur, çalışıb, daha artığını edib, mövsümə layiqli yekun vuracağıq”. 

Baxşıyev matçın gedişində əvəzetmələrin gecikməsinə görə hakimlərə etiraz etməsinə də toxunub: “Baş məşqçilər kimi hakimlər üçün də mətbuat konfransı keçirilsə, yaxşı olar. 5 dəqiqə imkan vermədi ki, oyunçu meydana daxil olsun. Etirazım da ona görə idi. Top çıxır, amma imkan vermir. Səbəbini də onlardan başqa heç kim bilmir. Hakimlikdən deyil, komandamdan danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Hər epizodu saxlamaq, həm futbolun sürətini azaldacaq, həm də futbolçular mübarizədən qaçacaq”.

Baş məşqçi əlavə edib ki, meydanda 10 nəfərlə qalandan sonra toparlanmaq onlar üçün çətin olub: “Komandanı necə əziyyətlə formalaşdırmışıq. Mövsüm başlayanda biz hələ komplektləşdirmə ilə məşğul idik. Amma mövsümün gedişində avrokubok zonasına yaxınlaşmışdıq. Bəzi oyunlarda itkilər olur. Çox geniş heyətə də malik deyilik. Hər oyunçunun kənarda qalması bizə təsir edir. 5-6 qol imkanı yaradırıq, amma istifadə edə bilmirik. Oyun baxımından deyil, nəticə baxımından eniş hiss olunur”.

Çalışdırıcı 52-ci dəqiqədə qırmızı vərəqə alan yarımmüdafiəçi Merab Qiqaurinin cəzalandırılacağını deyib: “Merab Qiqauri təcrübəli futbolçudur. Onu klub tərəfindən cəza gözləyir. Mənim gördüyüm qədər epizodun birində sarı var. Hər epizoda da xəbərdarlıq vermək düzgün deyil. Yoxsa hər matçda 4-5 futbolçu kənarda qalacaq. İstəyirik ki, mövsümü tamamlayaq”.