Son günlər ən çox müzakirə olunan komandalardan biri də "Turan-Tovuz"dur.
Apasport.az saytının məlumatına görə, əvvəlcə komandanın 7 futbolçusu danışılmış oyunlara görə cəzalandırıldı. Daha sonra isə Tovuz təmsilçisinin gələn mövsüm Premyer Liqada iştirak edəcəyi açıqlandı.
Bunu nəzərə alaraq, "Mütəxəssis baxışı"nda "Turan"ın sabiq icraçı direktoru Yaşar Sultanova meydan vermək qərarına gəldik. AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü həm sevimli komandası ətrafında baş verənlərə münasibət bildirdi, həm də çempionatın səviyyəsindən, "Qarabağ"ın Avropa Liqasındakı iştirakından və millidə baş məşqçi dəyişikliyindən danışdı.
"Futbol kəskin şəkildə tənəzzülə uğrayır"
- Premyer Liqada iki dövrə artıq başa çatdı, ölkə kubokunda isə 1/4 final mərhələsinin ilk oyunları keçirildi. Cari mövsümün ilk yarısını necə dəyərləndirərdiniz?
- Mövsüm çox sıxıntılı oldu. Eyni komandaları, eyni oyunları nə qədər izləmək olar? Rəqabətsiz çempionat keçir, hansısa maraq doğurmur. Bir yenilik də yoxdur, yeni üzə çıxan futbolçu da. Üfüqdə yerli futbolçuların inkişafı görünmür. Bu üzdən çempionat mənim üçün maraqlı deyil.
- Artıq neçə ildir ki, Premyer Liqada 8 komanda iştirak edir. Razısınız ki, cari mövsüm ən zəif çempionat izləyirik?
- Əlbəttə. 2005-ci ildə futbolun inkişafına dair Dövlət Proqramı qəbul olunanda çempionatda 14 komanda mübarizə aparırdı. Üzərindən 14 il vaxt keçib, biz 14 komandadan 8-ə düşmüşük. 10 milyonluq əhaliyik, 63 rayonumuz var. Komandaların sayını artırmaq, futbolu ölkənin bütün coğrafiyasına yaymaq əvəzinə, bunu Bakı çempionatına çevirmişik. Bu, çox üzücü məqamdır. Təəssüf ki, hansısa perspektiv görünmür, hətta görünmə şansı da yoxdur. Düşünürəm ki, futbol ictimaiyyəti, xüsusən də, AFFA həyəcan təbili çalmalıdır. Futbol kəskin şəkildə tənəzzülə uğrayır.
"Komandaların ömrü dəstəkçi oliqarxların maliyyə ömrü qədərdir"
- Futbolçu daha çox rayonda yetişir, nəinki Bakıda. Ancaq Premyer Liqadakı 8 klubdan 6-sı paytaxtda məskunlaşıb...
- Futbolu bölgələrdə canlandırmaq üçün AFFA rəhbərliyi Nobel prospektindən çıxmalı, bütün günlərini əyalətlərdə keçirməli, yerli futbol ictimaiyyəti, icra orqanları ilə görüşlər keçirməlidir. Rayonlarda, onların kəndlərində meydançalar salınmalıdır. Kəndlərdə futbolu yenidən canlandırmaq lazımdır. Bölgələrimizdə futbol oynamağa münasib olan cəmi 10-12 stadion var. Bəzi rayonlarda nəinki meydança, heç top yoxdur. Halbuki hər bir kənd meydançalarla əhatə olunmalıdır. Uşaq futbol görsün ki, ona sevgisi yaransın, özü də oynamağa başlasın. Tək Regional Futbol Federasiyası ilə iş düzəlməz. AFFA rəhbərliyi bütün günü yerləri gəzməlidir. Türkiyə klubları arasında avrokubokların pley-offuna vəsiqə qazanan yeganə komanda "Başakşəhər" oldu. O da bələdiyyə komandasıdır. Azərbaycanda bələdiyyə komandası görürsünüzmü?
- Sizin sadaladığınız məsələləri yəqin ki, AFFA rəhbərliyi də bilir. Bəs niyə bu yöndə addımlar atılmır?
- Fikir verin, AFFA 5 komandanı maliyyələşdirir və onların da yarısı əcnəbilərdir. Belə çıxır ki, AFFA uşaq yetişdirmək, regionlarda futbolu inkişaf etdirmək əvəzinə həmin vəsaiti 1-2 illik müqaviləyə gələn "pensiyaçı" əcnəbilərə verir. Bu, birbaşa pulun havaya sovrulmasıdır. Həmin məbləğ uşaq futbolunun inkişafına, meydançaların tikilməsinə sərf olunmalıdır. Əgər şəxsi mənafe üstün tutulursa, bunu futbola, futbol sevgisi olan bütün azərbaycanlılara xəyanət sayıram. Amma düşünmürəm ki, kimsə şəxsi mənafeyini güdsün. Bunun üçün başqa sahələrdə daha geniş imkanlar var. Digər tərəfdən AFFA-dan maliyyələşmək o deməkdir ki, onlar klub deyil, komandadırlar. Klub maliyyə təsərrüfatı ayrı olan bir təşkilatdır. AFFA sabah əlini çəksə, həmin komandalar yox olacaq. Azərbaycanda hər bir komandanın ömrü ona dəstək verən hansısa oliqarxın maliyyə ömrü qədərdir.
"Qurban Qurbanov yorulub, ona istirahət lazımdır"
- Ardıcıl neçə ildir avrokubokun qrupunda iştirak edən "Qarabağ" bu mövsüm olduqca münasib qrupdan çıxa bilmədi. Ağdam klubunun çıxışına münasibətiniz necədir?
- Açığı, son iki ildə "Qarabağ"ın oyununda tənəzzül görürəm. Fikrimcə, komandada əsaslı dəyişiklik vaxtı çatıb.
- Əsaslı dəyişiklik məşqçi korpusunda olmalıdır, yoxsa futbolçu heyətində?
- Bilirsiniz, məşqçidən də, klub rəhbərliyindən də çox şey asılıdır. "Qarabağ" rəhbərliyini mən həmişə Azərbaycanın ən peşəkar klub rəhbərliyi hesab etmişəm. Çünki onlar futbolu normal istiqamətə yönləndirməyi bacarırlar. Futbol bacarıqları yaxşıdır və kluba sevgi ilə yanaşırlar. Hesab edirəm ki, maliyyə vəsaitini artırıb, daha yaxşı futbolçular cəlb etməlidirlər. "Qarabağ"ın son iki ildəki transferləri ürəkaçan deyil. Qurban Qurbanov da yorulub, ona da istirahət lazımdır. Qurban müəllim rəhbərliklə birlikdə daha mükəmməl strategiya cızmalıdır. Gələcək planları ortaya qoyub, ona uyğun hərəkət etmək vacibdir.
- AFFA milli komandanın baş məşqçisi Nikola Yurçeviçi istefaya göndərdi. Necə düşünürsünüz, yığmamız daha bir ili itirmədi?
- Yurçeviçin Azərbaycana gəlişi özü səhv idi. Onun nə xarizması var idi, nə peşəkarlığını görmüşdük. Yurçeviç hansı əsaslarla gəlmişdi, o da açıqlanmadı. Onun gətirilməsi AFFA tərəfindən son vaxtlar atılan ən qeyri-peşəkar addım, biabırçı hal idi. İkincisi, azərbaycanlı məşqçilər ondan daha çox xal toplaya biliblərsə, yerli məşqçilərlə işləmək daha düzgün olar. Digər tərəfdən çempionatımızın səviyyəsini də unutmayaq. 8 klubun hərəsində 5-6 yerli futbolçu oynayır. Bu o deməkdir ki, 10 milyon əhalinin cəmi 40-50 futbolçusu var. Onların da bəziləri aşağı yaş qrupu üzrə yığmalara çağırılır. Yəni indi əsas milliyə düşməmək düşməkdən daha çətindir. Futbolçu yoxdur axı, kiminlə oynayasan? Ona görə də legioner limitini azaltmaq, klubların sayını artırmaq lazımdır. 14-16 komandalı çempionat olsa, 2-3 il zəif mübarizə keçə bilər. Amma yavaş-yavaş komandalar güclənər, daha istedadlı gənclər üzə çıxar.
"Millidə klubu düşünən futbolçu ilə əlaqəni kəsmək lazımdır"
- Siz olsaydınız, millinin "sükanı arxası"na kimi gətirərdiniz?
- Tərəddüd etmədən bütün varlığı ilə Azərbaycana bağlı olan, bu ölkəni sevən, enerjisi, xarizması ilə fərqlənən Naci Şensoyu gətirərdim. Yerli məşqçi şərtdirsə, o zaman Əsgər Abdullayevi təyin edərdim.
- Ancaq Abdullayev uzun müddətdir heç Premyer Liqa klublarında işləmir. İndi gənclərə üstünlük vermək doğru olmaz?
- Gənc məşqçilərdən kimi deyə bilərsiniz ki, qeyri-adi istedadı ilə digərlərindən fərqlənir? Gənclərin hamısı eyni dərəcədədir. Birini digərindən fərqləndirən xüsusi keyfiyyəti, bacarığı yoxdur. Qurban Qurbanov yığma ilə klubda eyni anda işləməyə çalışdı. Amma hələ keçmiş SSRİ dönəmindən bunun uğursuz praktika olduğu təsdiqini tapıb.
- Yığmadan söz düşmüşkən, milliləşən futbolçular son oyunlarda komandadaxili atmosferi pozurdular. Eddi İsrafilov pulunu tələb edirdi, Dmitri Nazarov klubunu daha üstün tuturdu...
- Himni ürəkdən oxumayan, o bayrağı sevməyən kollektiv milli ola bilməz. Bu, yalnız biabırçılıqdır. Milli nədir, əcnəbi nədir? Müsbət nəticə olsa belə, onu biz qazanmış sayılmarıq axı. Hətta dünya ulduzları da milli komandaya pul xatirinə getmir. Onlar üçün milli qürur hər şeydən üstündür. Pulu, klubu düşünən futbolçu ilə həmin dəqiqə bütün əlaqəni kəsmək lazımdır.
"Millət bombaların altında "Turan" deyə qışqırırdı"
- Tovuz Azərbaycana saysız-hesabsız futbolçular qazandırıb. Ancaq son baş verənlər orada vəziyyətin acınacaqlı olduğunu göstərdi. "Turan-Tovuz"un 7 oyunçusu danışılmış oyunlara görə futboldan uzaqlaşdırıldı. Bu durum sizə nə dərəcədə təsir etdi?
- Qərar açıqlanandan bəri özümə gələ bilmirəm. O qədər biabırçı haldır ki, bunu dilə gətirmək özü çətindir. "Turan" kiminsə dədəsinin malı deyil. Müharibə dövründə, stadiona top-qrad düşdüyü vaxtlarda Tovuzdakı oyunlarda tribunalar ağzına qədər dolu olardı, bir nəfər də yerindən tərpənməzdi. Millət bombaların altında "Turan" deyə qışqırırdı. İndi bu hərəkətə yol verənlər həmin camaatın içinə necə çıxacaq, onların üzünə necə baxacaqlar? Kaş bu məlumatı eşitməyəydik. Bu sənin vicdanındır, şərəfindir ki, satırsan? "Turan"ı satmağa kimdən səlahiyyət almısan? Tovuz futbolu adına belə ləkə yaxmaq olmaz. Futbol eşqi olan bir yerdə bu addımı atmaq çox sarsıdıcıdır.
- "Turan-Tovuz"un gələn mövsüm Premyer Liqada iştirak edəcəyi xəbərini necə qarşıladınız?
- Belə olarsa, çox sevinərəm. İlk növbədə ona görə ki, bu, regionda futbolun dirçəlişinə yenidən təkan verəcək. Bir neçə gün əvvəlki hadisə rayon üçün nə qədər kədərli oldusa da, komandanın Premyer Liqaya qaytarılması sevinclə qarşılandı. İnsanların sevincini, oyunlara necə həvəslə gələcəyini özünüz də görəcəksiniz. Amma digər tərəfdən indidən bunu açıqlayırlarsa, çempionatın ikinci dövrəsini keçirməyin bir mənası qalırmı? Başqa komanda I divizionun qalibi olsa, onun haqqını yeyirlər axı. Təbii ki, Tovuz klubunun elitada olmasına sevinərəm. Amma halallıqla, kiminsə haqqını yemədən çıxsın. Heç olmasa ad çəkmədən deyərdilər ki, I diviziondan 2 komanda Premyer Liqaya yüksələcək. Mövsümün yarısı hələ qalır. Başqası lider olduğu halda, "Turan-Tovuz"la "Kəpəz"in Premyer Liqaya qəbulu absurd olar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı