“Araz-Naxçıvan”da iki nigeriyalı - biri yarımmüdafiəçi, digəri hücumçu
17.11.2019 - 17:15
“Araz-Naxçıvan”da iki nigeriyalı - biri yarımmüdafiəçi, digəri hücumçu

"Araz-Naxçıvan" növbəti mövsüm birinci divizionda çıxış etməyi planlaşdırır. 

Bu barədə məlumatı apasport.az saytına komandanın baş məşqçisi Əsgər Abdullayev verib. 

Onun sözlərinə görə, "Araz-Naxçıvan" bu istiqamətdə ciddi işlərə başlayıb: "Heyətin formalaşdırılması və oyun təcrübəsinin artırılması məqsədi ilə bir müddət əvvəl Türkiyənin Doğu Bəyazid bölgəsinə 2 günlük səfərə yollanmışdıq. Bir neçə yoxlama matçı keçirdik. Səfər çox faydalı oldu. Mütəmadi, ayda, iki ayda bir dəfə yoxlama oyunu üçün qardaş ölkəyə üz tutmaq istəyindəyik". 

Təcrübəli mütəxəssis heyətdəki dəyişikliklərdən də danışıb: "Əsas məqsəd komandanı yerli futbolçulardan formalaşdırmaqdır. Ümumiyyətlə, əsas diqqəti yerlilərə ayırırıq. Klubun 5 yaş qrupu üzrə komandası var. Əsas komandaya iki legioner də cəlb olunub. Daha doğrusu, onlar tələbədirlər, burda oxuyurlar. Hər ikisi nigeriyalıdır. Biri dayaq yarımmüdafiəçisi, digəri hücumçudur. Bir il ərzində komandanı tam formalaşdırmağı qarşımıza hədəf qoymuşuq. Bu mövsüm Region Liqasına hazırlaşırıq, növbəti mövsüm isə birinci divizionda iştirak etməyi hədəfləmişik".