“Avropada oynamaq fikrindəyəm” – Fuad Bayramov
26.12.2019 - 16:40
“Avropada oynamaq fikrindəyəm” – Fuad Bayramov

"Gürcüstandakı çıxışım qısa müddətli alındı. Amma bunu mənfi yox, müsbət dəyərləndirərdim". 

Bunu apasport.az saytına Gürcüstanın "Rustavi" klubunun sabiq futbolçusu Fuad Bayramov deyib. 

Bir müddət əvvəl Rustavinin eyniadlı təmsilçisinə keçən yarımmüdafiəçi qonşu ölkədəki çıxışı haqda fikirlərini bildirib: "Özümü yaxşı tərəfdən göstərib-göstərmədiyimi baş məşqçim dəyərləndirsə daha yaxşı olardı. Ancaq mən bunun üçün əlimdən gələni etdim. Əlbəttə ki, mənə şans da verildi. Yəqin, şansdan yaxşı istifadə etdim ki, baş məşqçi oyunlarda məni start heyətində meydana buraxırdı”. 

Həmyerlimiz qışdan sonra “Rustavi”də qalıb-qalmayacağı haqda da danışıb: "Rustavi"də qalıb-qalmayacağımı dəqiq bilmirəm. Klub prezidenti ilə danışıqlarımız olmuşdu, şərtlərimizi müzakirə etmişdik. Oradan ayrıla da bilərəm, görək də necə olacaq. Azərbaycana qayıtmaq ehtimalına gəlincə, mən daha çox Avropada oynamaq fikrindəyəm".

Qeyd edək ki, Gürcüstan çempionatında 6 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.
 

0
Fuad Bayramov Rustavi Gürcüstan