“Azərbaycan millisində onlara şans vermək lazımdır, nəinki mənə” - Skarlatake
08.12.2019 - 18:06
“Azərbaycan millisində onlara şans vermək lazımdır, nəinki mənə” - Skarlatake

“Səbail”lə oyun çox çətin keçdi. Matçın ilk yarısında çox yaxşı oynadıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin futbolçusu Adrian Skarlatake deyib.

Rumıniyalı müdafiəçi Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail”lə matçından sonra jurnalistlərin suallarını cavablandırıb. O, 4:1 hesablı qələbə və vurduğu qol barədə danışıb: “İkinci hissədə təxminən 20 dəqiqə pis çıxış etdik. Bu müddətdə rəqib qol da vurdu. Amma ümumilikdə komanda yoldaşlarımdan razıyam. Yaxşı oynayıb, yaxşı nəticə qazandıq. İki il əvvəl mövsümə 6-7 qol vurmuşam. İlyarım idi çox fərqlənmirdim. Necə oynadığım özümün də, baş məşqçinin xoşuna gəlir”.
 
Arxa xətt oyunçusu komandanın ötən tur “Qəbələ”yə böyük hesabla uduzmağı qeyri-sabitliklə əlaqələndirməyib: “Yalnız ötən turdakı “Qəbələ” ilə oyunumuz pis alınıb. Amma bu gün göstərə bildik ki, həm nəticə qazanıb, həm yaxşı oynamağı bacarırıq. Müdafiəçi olaraq həmişə qol buraxmamağımızı istəyirəm. Amma bu gün 20 dəqiqə pis oynayıb qol buraxdıq. Qəbələdəki görüşdə bütün matçı elə keçirmişdik. Həmişə belə oynasaq, problemimiz olmayacaq”.

“Zirə” 2019-cu ilin son iki oyununda da “Səbail”lə görüşəcək. A.Skarlatake kubokun 1/4 final matçlarının asan olmayacağını bildirib: “Çox çətin oyunlar olacaq. “Səbail”in avrokuboklar üçün yeganə şansı kubokdur. Ona görə fərqli oynayacaqlar. Daha güclü motivasiya olacaqlar. Biz də özümüzə inanırıq. Bugünkü kimi oynasaq, çətinlik yaşamayacağıq”.

Artıq neçə ildir Azərbaycanda çıxış edən A.Skarlatake milliləşərək Azərbaycan yığmasına cəlb olunmaqla bağlı sualı da cavablandırıb: “Artıq 33 yaşım var. Bundan sonra milli komandada oynamağım gecdir. Yığmanızda yaxşı futbolçular, gənc oyunçular da var. 18-20 yaşlılara daha çox şans vermək lazımdır, nəinki mənə. Belə sual üçün çox sağ olun, millidə oynayardım, amma mənim üçün gecdir”.