“Əlbəttə, biz pley-off oynamaq istəmirik. Ona görə də elit-raundun hər oyununda qələbə üçün mübarizə aparacağıq ki, dünya çempionatına birbaşa vəsiqə qazanaq”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Rusiya millisinin baş məşqçisi Sergey Skoroviç deyib.
DÇ-2020-nin elit-raundunun qrupunda Azərbaycan, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək şimallıların çalışdırıcısı yetirmələrini əsas favorit sayır. S.Skoroviç əsas mübarizənin ikinci pillə üçün gedəcəyini, təqvimi qurmaq üstünlüyünə malik xorvatların bundan yararlana biləcəyini açıqlayıb: “İndi təqvimin hazır olmasını gözləyirik. Bunu meydan sahibi kimi xorvatiyalılar tərtib edəcək. Bizim qrupda ikinci yer uğrunda Azərbaycanla Xorvatiya mübarizə aparacaq. Hər iki komandanın buna şansı var. Azərbaycanı hesabdan silməzdim. Xorvatlar da bunu başa düşürlər. Düşünürəm ki, bu səbəbdən onlar ilk oyunu slovakiyalılara qarşı keçirəcək. Azərbaycan isə bizə qarşı ilk matçda çox yorulacaq. Ertəsi gün Xorvatiyaya Azərbaycana qarşı oynamaq daha rahat olacaq. Düşünürəm ki, Xorvatiya ilə görüşümüz son tura düşəcək. Necə olacağını bilmirəm. Amma hesab edirəm ki, təqvimi qurarkən meydan sahibi olan xorvatlara belə sərf edir ki, ikinci turda yorğun komanda ilə qarşılaşsınlar. Təqvimin müəyyənləşməsini gözləyirik. Noyabrın sonuna qədər bəlli olmalıdır. Görək mən haqlı çıxacağammı?”.
Qeyd edək ki, elit-raundun qalibi Litvadakı mundiala birbaşa vəsiqə qazanacaq, ikinci yer sahibi pley-offa yollanacaq.