"Azərbaycanı məğlub edib..." - slovakiyalılar millimizlə oyun haqda
17.11.2019 - 21:20
"Azərbaycanı məğlub edib..." - slovakiyalılar millimizlə oyun haqda

AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Azərbaycan millisini qəbul edəcək Slovakiya yığmasının düşərgəsində məyusluq hökm sürür. 

Apasport.az saytının məlumatına görə, dünən Xorvatiyaya məğlub olan (1:3) slovakların final mərhələsinə vəsiqə şansları artıq yüksək qiymətləndirilmir.

Komanda son matçda Trnavada millimizə qalib gəlməli və Uels - Macarıstan qarşılaşmasının bərabərə nəticələnməsinə ümid etməlidir. Slovakiyalı futbolçular yerli mətbuata açıqlamalarında da buna inanmaq istədiklərini vurğulayıblar.

Onlar şanslarının az olmasına baxmayaraq, doğma arenadakı son matçdan qalib ayrılmaq istədiklərini söyləyiblər.

Martin Dubravka (qapıçı): "Final mərhələsi barədə düşünürüksə, əvvəlcə Azərbaycanı məğlub etməli, sonra ikinci matçın nəticəsini gözləməliyik. Əgər Riyekada nəticə başqa cür olsaydı, indi hər şey öz əlimizdə idi. Hələ şans bitməyib. Buna görə də, ümid etməliyik".

Peter Pekarik (müdafiəçi): "Qarşıda Azərbaycanla son oyun var. Əgər qələbə qazansaq, şans yarana bilər. Evdə oynayacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Yalnız bundan sonra qrupdakı digər qarşılaşmanın nəticəsinə fikir verə bilərik".

Milan Şkriniar (müdafiəçi): "Yaxşı xatırlayıram ki, nə vaxt başqa komandaların köməyinə ehtiyac duymuşuq, uğur qazana bilməmişik. İndiyə qədər heç bir nəticə bizim xeyrimizə olmayıb. Azərbaycanı məğlub edib, gözləməkdən başqa çarəmiz yoxdur".

Robert Bojenik (hücumçu): "İlk növbədə öz oyunumuza baxmalıyıq. Azərbaycanla son görüşü müsbət nəticə ilə bitirmək istəyirik. Seçmə mərhələdə göstərdiyimiz ümumi performansın xeyrimizə işləyəcəyinə və sonda zəfəri qeyd edəcəyimizə hələ də inanıram".

Qeyd edək ki, Slovakiya - Azərbaycan və Uels - Macarıstan oyunu noyabrın 19-da keçiriləcək.