“Litvada iki dəfə kubokun qalibi olmuşam, dörd dəfə liqa çempionu olmuşam. Azərbaycanda da kuboku qazanmışam. Bir sözlə, deyə bilərəm ki, kubok mütəxəssisiyəm”.
Apasport.az saytının məlumatına görə, bunu vaxtilə Azərbaycanda “Bakı”nın formasını geyinmiş Deyvidas Çesnauskis deyib.
41 yaşlı litvalı mütəxəssis Şotlandiya mətbuatına müsahibəsində karyerasında yaşadığı maraqlı məqamları xatırlayıb. O, ən gözəl dönəmini məhz Şotlandiyada keçirdiyini söyləyib: “Litva, Azərbaycan, Rusiya, Yunanıstan, Şotlandiyada oynamışam. Yunanıstan istisna olmaqla digərlərində titul əldə etmişəm. Ancaq 2005/06 mövsümündə “Harts”ın heyətində Şotlandiya kuboku qazandığım zaman keçirdiyim hissləri başqa heç yerdə yaşamadım. “Harts” azarkeşləri karyeramda gördüyüm ən yaxşı fanatlar idi. Onlar komandanı inanılmaz dəstəkləyirdilər, əla atmosfer yaradırdılar”.
Qeyd edək ki, 2011-2014-cü illərdə “Bakı”nın şərəfini qoruyan Deyvidas Çesnauskis 2011/12 mövsümündə Azərbaycan kubokunu qazanıb.